Sumqayıt şəhərinin Tarixi Muzeyində 2 Fevral – Gənclər Günü münasibətilə keçirilən “Gənclər həftəsi” çərçivəsində “Azərbaycan gəncliyi – Azərbaycanın gələcəyi” adlı tədbir keçirilib. Tədbir Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Gənc sumqayıtlı yazarların və mədəniyyət işçilərinin iştirakı ilə təşkil edilən görüş Gənclər Gününə həsr olunmuş videoçarxın nümayişi ilə başlayıb.
Dəyirmi masa formatında reallaşan tədbiri muzeyin direktoru Aygün Zülfüqarlı açaraq ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov son 25 il ərzində Azərbaycan gəncliyinin əldə etdiyi mühüm nailiyyətlərdən söz açıb. Bildirilib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır. Onlar ölkə rəhbərliyi tərəfindən siyasi, iqtisadi, humanitar və sosial istiqamətdə keçirilən tədbirlərdə hər zaman yaxından iştirak edir. Sumqayıtlı gənclərin də ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış etdiyini, irimiqyaslı tədbirlərə qoşulduğunu xüsusi vurğulayıb.
Sumqayıt şəhər Ə.Kərim adına Poeziya evinin direktoru İbrahim İlyaslı sumqayıtlı gənc yazarların ədəbi mühitdə fəal iştirakından, bu istiqamətdə göstərdikləri uğurlu fəaliyyətlərdən danışıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəis müavini İlham Əhmədov çıxışında gənclər siyasətinin ölkəmizdə prioritet istiqamətlərdən biri olduğunu və dövlət siyasətinin mühüm, ayrılmaz tərkib hissəsini təşkil etdiyini bildirib.
Tədbirdə Vətən müharibəsi qaziləri, eyni zamanda, gənc yazarlar Emin Piriyev və Elvin Məmmədli çıxış etdikdən sonra muzeyə kitablarını hədiyyə edib, öz şeirlərini səsləndiriblər.
Sonda Gənclər Günü münasibətilə gənc yazarlara və fəal mədəniyyət işçilərinə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanları və hədiyyələr təqdim edilib.