2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublin şəhərində “Avropa – güclü, təhlükəsiz və əlaqəli” mövzusuna həsr olunmuş Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısı Avropa qitəsinin 50-yə yaxın dövlət və hökümət başçısını qlobal və regional çağırışlar ətrafında bir araya gətirdi. Rəqabətqabiliyyətli iqtisadiyyatın qurulması, innovasiyalar, nəqliyyat bağlantıları, enerji təhlükəsizliyi və müdafiə məsələlərinin müzakirə olunduğu bu mötəbər sammit çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı və keçirdiyi yüksək səviyyəli görüşlər ölkəmizin artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi.
Dövlət başçısı sammitin açılış plenar sessiyasında və dəyirmi masada iştirak etməklə yanaşı, 10-a yaxın Avropa ölkəsinin dövlət və hökümət başçıları, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta ilə məhsuldar görüşlər keçirərək ikitərəfli əməkdaşlıq, enerji və regional təhlükəsizlik məsələlərini müzakirə etdi. Dublin sammitinin Cənubi Qafqazın gələcəyi baxımından ən mühüm diplomatik hadisələrindən biri isə prezident İlham Əliyevin Ermənistanın Baş naziri N.Paşinyan ilə keçirdiyi görüş oldu. Görüşün əsas mahiyyətini regionda davamlı sülhün və sabitliyin möhkəmləndirilməsi, sərhədlərin delimitasiyası və etimad quruculuğu tədbirlərinin dərinləşdirilməsi təşkil etdi. Liderlər TRİP marşrutu üzrə dəmir yolu və avtomobil yolu komponetlərinin layihələndirilməsi daxil olmaqla regional nəqliyyat-tranzit bağlantılarının açılması perspektivlərini müzakirə etdilər. Azərbaycan ərazisindən Ermənistana yük tranzitinin bərpa olunmasının müsbət dinamika ilə dəyərləndirilməsi, gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi yolu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və transsərhəd su ehtiyatlarının birgə idarə olunması üzrə ekoloji əməkdaşlıq məsələləri də müzakirələrdə yer aldı.
Dublin sammitinin ən mühüm və tarixi nəticələrindən biri isə prezident İlham Əliyev ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən”Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması oldu. Bu sənəd əsrlərə söykənən tarixi bağlar, qarşılıqlı hörmət və ortaq maraqlar üzərində qurulmuş Azərbaycan - Böyük Britaniya münasibətlərini keyfiyyətcə yeni, ən yüksək diplomatik müstəviyə qaldırdı. Bəyannamə Azərbaycan ilə Birləmiş Krallıq arasında uzun illər ərzində formalaşmış münasibətlərin məntiqi davamı olmaqla, 1994-cü il fevralın 23-də imzalanmış “Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamə”yə, eləcə də 1998-ci il iyulun 21-də imzalanmış “Dostluq münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”yə əsaslanır. Sənəddə BMT nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətin təsbit olunması xüsusi əhəmiyyət daşıyır.
Bəyannamədə 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Sülh Sammitinin Bəyannaməsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların alqışlanması da xüsusi yer alır. Böyük Britaniyanın regionda davamlı sülhə nail olunması səylərinə dəstəyini bir daha təsdiqləməsi Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin beynəlxalq müstəvidə əhəmiyyətini nümayiş etdirir. Sözügedən sənəd ölkələrimiz arasında mövcud siyasi və iqtisadi təcrübəni yeni strateji müstəviyə daşıyaraq əməkdaşlığın üç əsas istiqamətini – müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eyni zamanda təhsil və innovasiya sahələrini müəyyənləşdirir. Sənədin mühüm xüsusiyyətlərindən biri də onun icrasına nəzarət və gələcək prioritetlərin müəyyənləşdirilməsi üçün illik strateji tərəfdaşlıq görüşlərinin keçirilməsidir.
Göründüyü kimi Azərbaycan - Böyük Britaniya münasibətlərinin tarixində yeni səhifə açılır. 30 ildən artıqdır ki, iki ölkə arasında formalaşmış əməkdaşlıq, xüsusilə enerji sahəsindəki əməkdaşlıq daha geniş siyasi - iqtisadi təhlükəsizlik gündəliyi ilə zənginləşir. Dünyanın aparıcı güc mərkəzlərindən biri olan Böyük Britaniya ilə münasibətlərin bu səviyyəyə yüksəlməsi ölkəmizin beynəlxalq arenada artan siyasi çəkisinin, etibarlı tərəfdaş nüfuzunun və qlobal proseslərə təsir imkanlarının bariz təsdiqidir. Bütün bu tarixi nailiyyətlər isə prezident İlham Əliyevin uzaqgörən liderliyinin, qətiyyətli siyasi iradəsinin və Azərbaycanı beynəlxalq münasibətlər sisteminin aparıcı aktorlarından birinə çevirən uğurlu xarici siyasət strategiyasının növbəti parlaq qələbəsidir.