Dəmir yumruq » Manşet » KONSTİTUSİYA – MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN HÜQUQİ TƏMƏLİ, SUVERENLİYİMİZİN VƏ MİLLİ İRADƏMİZİN TƏCƏSSÜMÜ
Manşet / Köşə / 11-11-2026, 21:24

KONSTİTUSİYA – MÜSTƏQİL DÖVLƏTÇİLİYİMİZİN HÜQUQİ TƏMƏLİ, SUVERENLİYİMİZİN VƏ MİLLİ İRADƏMİZİN TƏCƏSSÜMÜ

 

Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi xalqımızın çoxəsrlik dövlətçilik tarixində, milli müstəqilliyimizin möhkəmləndirilməsində və hüquqi dövlət quruculuğunun formalaşmasında müstəsna əhəmiyyət daşıyan tarixi hadisədir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən Əsas Qanun müstəqil Azərbaycanın siyasi, hüquqi və ictimai həyatının fundamental prinsiplərini müəyyənləşdirərək dövlətçiliyimizin gələcək inkişaf istiqamətlərini hüquqi müstəvidə təsbit etdi.
 
Bu sənəd yalnız dövlət hakimiyyətinin təşkili və idarəetmə mexanizmlərini müəyyən edən hüquqi akt deyil. Konstitusiya, eyni zamanda, xalqın suveren iradəsinin, milli müstəqillik əzminin, insan hüquq və azadlıqlarına hörmətin, demokratik cəmiyyət qurmaq istəyinin hüquqi ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış bu tarixi sənəd Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, xalq hakimiyyətini və hüquqi dövlət prinsiplərini özündə birləşdirən ali hüquqi təminata çevrildi.
 
KONSTİTUSİONAL DÖVLƏTÇİLİYİMİZİN TARİXİ KÖKLƏRİ
 
Azərbaycanın konstitusiya inkişafı tarixi milli dövlətçilik ənənələrimizlə sıx bağlıdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi xalqımızın müstəqil dövlətçilik tarixində yeni səhifə açdı. Şərqdə ilk parlamentli demokratik respublikalardan biri olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, parlamentarizm, xalqın təmsilçiliyi, hüquq bərabərliyi və dövlət müstəqilliyi sahəsində mühüm siyasi-hüquqi təcrübə formalaşdırdı.
 
Cümhuriyyət dövründə ayrıca Konstitusiya qəbul edilməsə də, dövlətin fəaliyyətini tənzimləyən qanunlar, parlamentin qərarları və qəbul edilmiş normativ aktlar milli hüquq sisteminin əsaslarının yaradılmasına xidmət edirdi. Bu tarixi irs müasir Azərbaycan dövlətçiliyinin ideya və hüquqi təməllərindən biri hesab olunur.
 
Sovet hakimiyyəti dövründə Azərbaycanın konstitusiya inkişafı fərqli siyasi şəraitdə davam etdi. 1921-ci il mayın 19-da Azərbaycan SSR-in ilk Konstitusiyası qəbul edildi. 1925-ci il martın 14-də həmin Konstitusiyaya dəyişikliklər və əlavələr edildi, 1927-ci il martın 26-da isə yeni Konstitusiya təsdiqləndi. Sonrakı mərhələlərdə 1937-ci və 1978-ci illərdə yeni konstitusiyalar qəbul olundu. Beləliklə, müasir müstəqil dövlətimizin Əsas Qanununa qədər ölkəmizin konstitusiya tarixində müxtəlif siyasi və hüquqi mərhələlər yaşandı.
 
HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN DÖVLƏT DİLİ STATUSU
 
Azərbaycan konstitusiya tarixindən danışarkən Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik və ana dilimizin qorunması istiqamətindəki tarixi xidmətlərini xüsusi qeyd etmək lazımdır.
 
1978-ci il aprelin 21-də Azərbaycan SSR-in yeni Konstitusiyası qəbul edilərkən Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mühüm tarixi hadisə idi. Həmin Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili olduğu müəyyənləşdirildi. Bu müddəanın Konstitusiyada əks olunmasında Heydər Əliyevin prinsipial mövqeyi və siyasi iradəsi həlledici rol oynadı.
 
Sovet ideologiyasının və mərkəzləşdirilmiş idarəetmənin hökm sürdüyü bir dövrdə ana dilimizin dövlət dili statusunun qorunması milli kimliyimizin, mənəvi dəyərlərimizin və dövlətçilik ənənələrimizin gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyırdı.
 
Bu addım göstərirdi ki, dövlətçilik yalnız siyasi sərhədlər və idarəetmə institutlarından ibarət deyil. Dövlətçilik, eyni zamanda, dil, milli yaddaş, tarix, mədəniyyət və xalqın öz kimliyini qorumaq iradəsidir.
 
1995-Cİ İL KONSTİTUSİYASI – MİLLİ MÜSTƏQİLLİYİN HÜQUQİ TƏMİNATI
 
1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması tarixi zərurətə çevrilmişdi. Çünki sovet dövrünün hüquqi və idarəçilik sistemi müstəqil Azərbaycanın yeni siyasi reallıqlarına, suverenlik prinsiplərinə və demokratik inkişaf məqsədlərinə cavab vermirdi.
 
Lakin müstəqilliyin ilk illərində ölkədə mövcud olan siyasi böhran, hakimiyyət uğrunda mübarizə, iqtisadi çətinliklər, Ermənistanın hərbi təcavüzü və dövlət idarəçiliyindəki ciddi problemlər konstitusion islahatların həyata keçirilməsini çətinləşdirirdi.
 
1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə dövlətçiliyin qorunması, ictimai-siyasi sabitliyin təmin edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi islahatların aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi.
 
1995-ci il mayın 2-də Milli Məclisin qərarı ilə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında yeni Konstitusiya layihəsini hazırlayan komissiya yaradıldı. Layihə ictimai müzakirəyə çıxarıldı, vətəndaşlardan, mütəxəssislərdən və müxtəlif qurumlardan daxil olan təkliflər nəzərdən keçirildi.
 
Nəhayət, 1995-ci il noyabrın 12-də keçirilən ümumxalq referendumunda müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Rəsmi tarixi məlumatlara əsasən, seçicilərin 86 faizi referendumda iştirak etmiş, səsvermədə iştirak edənlərin 91,9 faizi Konstitusiyanın qəbul edilməsinə səs vermişdi.
 
1995-ci il noyabrın 27-də qüvvəyə minən Əsas Qanun 5 bölmə, 12 fəsil və 158 maddədən ibarət idi. Bu sənəd Azərbaycanın müstəqil dövlət kimi hüquqi statusunu, dövlət hakimiyyətinin təşkili prinsiplərini, insan və vətəndaş hüquqlarının təminatlarını müəyyənləşdirdi.
 
Konstitusiya Gününün təsis edilməsi ilə bağlı da mühüm tarixi məqamı qeyd etmək lazımdır. Ümummilli Lider Heydər Əliyevin 1996-cı il noyabrın 1-də imzaladığı Fərmana əsasən, hər il noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
 
KONSTİTUSİYANIN HÜQUQİ MAHİYYƏTİ VƏ ALİLİYİ
 
Azərbaycan Respublikası Konstitusiyasının əsas hüquqi xüsusiyyətlərindən biri onun dövlətin ali hüquqi qüvvəyə malik sənədi olmasıdır. Konstitusiyanın 147-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyası hüquqi qüvvəsinə görə ən yüksək hüquqi qüvvəyə malikdir və Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir.
 
Bu müddəa hüquqi dövlətin fundamental prinsiplərindən olan qanunun aliliyinin təmin edilməsində mühüm rol oynayır. Heç bir normativ hüquqi akt Konstitusiyanın müddəalarına zidd ola bilməz. Dövlət orqanları, vəzifəli şəxslər, hüquqi şəxslər və vətəndaşlar öz fəaliyyətlərində Konstitusiyanın tələblərinə riayət etməlidirlər.
 
Konstitusiyanın 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Bu prinsip xalqın suverenliyini təsbit etməklə dövlət hakimiyyətinin legitimliyinin əsasını müəyyənləşdirir.
 
Konstitusiyanın 2-ci maddəsi xalqın öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirdiyini müəyyən edir.
 
7-ci maddədə Azərbaycan dövlətinin demokratik, hüquqi, dünyəvi və unitar respublika olması təsbit edilir. Həmin maddədə dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi də öz əksini tapıb. Bu hakimiyyət qolları Konstitusiyada müəyyən edilmiş səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir və bir-biri ilə qarşılıqlı əlaqədədir.
 
12-ci maddə dövlətin ali məqsədini müəyyən edir. Həmin maddəyə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
 
Bu müddəa hüquqi dövlətin mahiyyətini açan ən mühüm konstitusion prinsiplərdən biridir. Çünki dövlətin gücü yalnız iqtisadi və hərbi imkanları ilə deyil, həm də insan hüquqlarına münasibəti, vətəndaşların təhlükəsizliyi, hüquqlarının müdafiəsi və qanun qarşısında bərabərliyinin təmin olunması ilə ölçülür.
 
Konstitusiyanın 25-ci maddəsi hamının qanun və məhkəmə qarşısında bərabərliyini, 26-cı maddəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini, 47-ci maddəsi fikir və söz azadlığını, 50-ci maddəsi məlumat əldə etmək azadlığını, 60-cı maddəsi isə hüquq və azadlıqların inzibati və məhkəmə təminatını təsbit edir.
 
Xüsusilə 60-cı maddənin hüquqi əhəmiyyəti böyükdür. Belə ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsi vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün konstitusion əsas yaradır.
 
Konstitusiyanın 71-ci maddəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu, insan hüquqlarının müdafiəsinin yalnız dövlətin ümumi vəzifəsi deyil, bütün hakimiyyət orqanlarının birbaşa konstitusion öhdəliyi olduğunu göstərir.
 
Digər tərəfdən, Konstitusiyanın 149-cu maddəsi normativ hüquqi aktların hüquqa və ədalətə əsaslanmalı olduğunu, Konstitusiyaya uyğun qəbul edilməsini və hüquqi iyerarxiyada müəyyən edilmiş qaydalara riayət edilməsini tələb edir.
 
Beləliklə, Konstitusiya yalnız dövlət orqanlarının səlahiyyətlərini müəyyən etmir, həm də həmin səlahiyyətlərin hüquqi sərhədlərini müəyyənləşdirir. Hüquqi dövlətin əsas mahiyyəti də məhz bundan ibarətdir: dövlət hakimiyyəti qanunla məhdudlaşdırılır, insan hüquqları qorunur və heç bir vəzifəli şəxs qanundan üstün mövqedə dayanmır.
 
REFERENDUMLAR VƏ KONSTİTUSİON İSLAHATLAR
 
Azərbaycan Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri onun ictimai-siyasi və idarəçilik reallıqlarına uyğun olaraq təkmilləşdirilməsidir.
 
2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq referendumları nəticəsində Konstitusiyaya əlavə və dəyişikliklər edildi.
 
2002-ci il referendumunda Konstitusiyanın bir sıra müddəaları təkmilləşdirilərək seçki hüququ, dövlət hakimiyyəti orqanlarının fəaliyyəti və insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərə yenidən baxıldı.
 
2009-cu il referendumunda dövlət idarəçiliyinin, siyasi-hüquqi sistemin və insan hüquqlarının konstitusion təminatlarının inkişafına yönəlmiş dəyişikliklər qəbul edildi.
 
2016-cı il sentyabrın 26-da keçirilən referendum isə dövlət idarəçiliyinin strukturunda mühüm yeniliklərlə yadda qaldı. Konstitusiyaya edilmiş dəyişikliklər əsasında Birinci vitse-prezident və vitse-prezident vəzifələri təsis edildi, prezidentlik müddətinin yeddi il müəyyən olunması və digər idarəçilik məsələləri ilə bağlı müddəalar yeniləndi.
 
Bu dəyişikliklər konstitusion idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mühüm hüquqi mərhələ oldu.
 
Burada bir mühüm hüquqi prinsip də unudulmamalıdır: Konstitusiyanın dəyişdirilməsi adi qanunvericilik qaydasında deyil, Əsas Qanunun özündə müəyyən edilmiş xüsusi konstitusion prosedurlara uyğun həyata keçirilir. Konstitusiyanın 152–156-cı maddələri onun mətninə əlavə və dəyişikliklərin edilməsi qaydalarını, referendum mexanizmini və dəyişdirilməsi mümkün olmayan müddəaları müəyyən edir.
 
Bu yanaşma Konstitusiyanın sabitliyini, hüquqi davamlılığını və dövlət idarəçiliyində konstitusion legitimliyi qorumağa xidmət edir.
 
TARİXİ ZƏFƏR VƏ KONSTİTUSİYA SUVERENLİYİ
 
Azərbaycanın müasir dövlətçilik tarixində 2020-ci il Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri xüsusi yer tutur.
 
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində suveren dövlət hakimiyyətinin bərpası təmin olundu.
 
Bu tarixi hadisələrin konstitusion əhəmiyyəti də olduqca böyükdür. Belə ki, Konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Dövlət öz ərazisində suveren hüquqlarını həyata keçirir.
 
Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması Konstitusiyanın bu fundamental müddəalarının dövlətçilik reallığında tam bərqərar edilməsi baxımından mühüm mərhələdir.
 
Artıq ölkəmiz öz ərazisində dövlət hakimiyyətini tam şəkildə həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, sosial və iqtisadi infrastrukturun yaradılması dövlət suverenliyinin real məzmununu daha da gücləndirir.
 
Lakin suverenliyin hüquqi mahiyyəti yalnız ərazi üzərində dövlət hakimiyyətinin bərpası ilə məhdudlaşmır. Suverenlik həm də ölkədə qanunun aliliyinin təmin edilməsi, bütün vətəndaşların hüquq və azadlıqlarının qorunması, dövlət institutlarının səmərəli fəaliyyəti və konstitusion prinsiplərin gündəlik həyatda həyata keçirilməsi deməkdir.
 
KONSTİTUSİYA – HƏR BİR VƏTƏNDAŞIN HÜQUQİ TƏMİNATI
 
Mən bir hüquqşünas və jurnalist kimi hesab edirəm ki, Konstitusiyanın əhəmiyyətini yalnız tarixi hadisə kimi qiymətləndirmək kifayət deyil. Əsas Qanunun əsas mahiyyəti onun hər bir vətəndaşın həyatında, hüquq və azadlıqlarının müdafiəsində, dövlətlə vətəndaş arasındakı münasibətlərdə real şəkildə tətbiq olunmasıdır.
 
Konstitusiyanı bilmək, onun verdiyi hüquqlardan istifadə etmək və müəyyən etdiyi vəzifələri yerinə yetirmək hər bir vətəndaşın hüquqi mədəniyyətinin mühüm göstəricisidir.
 
Hüquqi dövlət quruculuğunda vətəndaşların hüquqi maarifləndirilməsi, məhkəmə müdafiəsinə əlçatanlığın təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
 
Konstitusiya yalnız dövlətin vətəndaş qarşısında öhdəliklərini deyil, vətəndaşın da dövlət və cəmiyyət qarşısındakı məsuliyyətini müəyyən edir. Vətənə sədaqət, qanunlara hörmət, dövlət müstəqilliyinin qorunması, digər insanların hüquq və azadlıqlarına riayət edilməsi konstitusion vətəndaşlıq mədəniyyətinin əsas elementləridir.
 
Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, hüquq və azadlıqlarını, dövlətçilik tariximizi dərindən öyrənməsi gələcək hüquqi cəmiyyətin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir.
 
Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi pasportu, dövlət suverenliyimizin möhkəm dayağı və xalqımızın gələcək inkişaf yolunu müəyyənləşdirən ali hüquqi sənəddir.
 
1995-ci il noyabrın 12-də xalqımızın iradəsi ilə qəbul edilən bu Əsas Qanun ötən dövr ərzində dövlət quruculuğunun, siyasi sistemin, hüquq institutlarının və ictimai münasibətlərin inkişafında mühüm rol oynayıb.
 
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və dövlətçilik strategiyası əsasında formalaşdırılmış konstitusion əsaslar bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin inkişafında öz əhəmiyyətini qoruyur.
 
Qarşıda duran əsas vəzifə əldə edilmiş tarixi nailiyyətləri qorumaqla yanaşı, Konstitusiyanın prinsiplərinin həyatın bütün sahələrində ardıcıl və bərabər şəkildə tətbiqinə nail olmaqdır. Qanunun aliliyi, insan hüquqlarına hörmət, ədalətli məhkəmə müdafiəsi, dövlət orqanlarının məsuliyyəti və vətəndaşların hüquqi təminatları güclü dövlətin ayrılmaz xüsusiyyətləridir.
 
Unutmayaq ki, Konstitusiya yalnız dövlətin idarəçilik sənədi deyil, hər bir azərbaycanlının hüququnu, azadlığını, ləyaqətini və təhlükəsizliyini qoruyan ali hüquqi təminatdır.
 
Müstəqil Azərbaycanımızın gücü onun suverenliyində, xalqımızın birliyində, milli dövlətçilik ənənələrində və Konstitusiyanın aliliyinə söykənən hüquqi dövlət quruculuğundadır.
 
Konstitusiyamız müstəqilliyimizin hüquqi qalası, dövlətçiliyimizin sarsılmaz dayağıdır!
 
Anar Nağıyev
Hüquqşünas – jurnalist

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.