Dəmir yumruq » Manşet » Müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin təməl daşı
Manşet / Siyasət / 11-11-2026, 08:17

Müstəqilliyimizin, dövlətçiliyimizin və milli birliyimizin təməl daşı

 

 

Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində və müstəqillik salnaməsində 12 Noyabr 1995-ci il xüsusi bir mərhələnin başlanğıcı hesab olunur. Məhz həmin gün ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Əsas Qanunu – Konstitusiyası qəbul edilmişdir. Milli Konstitusiyamızın hazırlanması Ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi altında yaradılan xüsusi komissiya layihəni hazırlayarkən həm beynəlxalq təcrübəni, həm də xalqımızın milli-mənəvi dəyərlərini əsas götürdü. Keçirilən ümumxalq müzakirələrindən sonra qəbul edilən bu Əsas Qanun Azərbaycanın hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu yolunu rəsmiləşdirdi. Yeni konstitusiya hazırlayan komissiyanın 1995-ci il iyunun 5-də ilk iclası keçirilmiş və həmin iclasda geniş nitq ilə çıxış edən Heydər Əliyev qeyd etmişdir ki, müstəqil Azərbaycanın ilk konstitusiya layihəsinin hazırlanması respublika tarixində böyük bir hadisədir. Ulu Öndər yeni konstitusiyanın mahiyyətinə aydınlıq gətirərək bildirmişdir ki: “Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir. Hakimiyyət bölgüsü ali icra, qanunvericilik, məhkəmə hakimiyyətləri – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır. Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası 5 bölmə, 12 fəsil, 158 maddə preambula və keçid müddəalarından ibarət olmaqla noyabrın 27-dən qüvvəyə minmişdir. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan1995-ci il 15 dekabr tarixli Fərmana əsasən hər il noyabrın 12-i ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilməyə başlanıldı.


Azərbaycan Respublikasının Konstitusiyası beynəlxalq hüquq ekspertlər tərəfindən dünyanın ən mütərəqqi və humanist konstitusiyalarından biri kimi qiymətləndirilir. Bunun ən bariz nümunəsi sənədin özəyini insan amilinin təşkil etməsidir. Konstitusiyamızın ümumi mətninin təxminən üçdə bir hissəsi birbaşa insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına həsr olunmuşdur. Əsas Qanunumuza görə dövlətin ali məqsədi insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsidir. Sənəd hakimiyyətin bölünməsi prinsipini – qanunverici(Milli Məclis), icraedici(Prezident) və məhkəmə hakimiyyətini dəqiq tənzimləyir. Eyni zamanda irqindən, milliyətindən, dinindən və cinsindən asılı olmayaraq hər bir vətəndaşın qanun qarşısında bərabərliyini, vicdan, söz və fikir azadlığını tam dövlət təminatı altına alır. Zaman keçdikcə ölkəmizin sürətli inkişafı, cəmiyyətin yeni sosial-iqtisadi tələbləri və beynəlxalq standartlara inteqrasiya məqsədilə konstitusiyaya müəyyən illərdə(2002,2009 və 2016-cı illərdə) referendumlar vasitəsilə mühüm əlavə və dəyişikliklər edilmişdir.


Bu gün Azərbaycan xalqı Konstitusiya Gününü tam fərqli bir qürur və coşqu ilə qeyd edir. 44 günlük Vətən müharibəsi və ondan sonrakı tarixi proseslər nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Uzun illər işğal altında qalan Şuşada, Xankəndidə, Laçında, Ağdamda və digər torpaqlarımızda Azərbaycan Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azad olunmuş ərazilərdə ucalan üçrəngli bayrağımız həm də ali qanunlarımızın həmin torpaqlarda əbədi bərqərar olunmasının əsas rəmzidir.



DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.