Dəmir yumruq » Manşet » Üçrəngli Dövlət Bayrağımız milli qürurumuzun və müstəqilliyimizin əbədi rəmzidir.
Manşet / Siyasət / 9-11-2026, 17:35

Üçrəngli Dövlət Bayrağımız milli qürurumuzun və müstəqilliyimizin əbədi rəmzidir.

 

Hər il ölkəmizdə böyük qürur və coşğu ilə qeyd olunan 9 Noyabr – Dövlət Bayrağı Günü xalqımızın öz tarixinə, milli dəyərlərinə və gələcəyinə olan sadiqliyini nümayiş etdirir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən qeyri-iş günü olan bayramlar siyahısına daxil edilmişdir.


Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağımızın şanlı tarixi birbaşa Cümhuriyyət dövrü ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilən bu bayraq ilk dəfə Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.


Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra – 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan MR-da yenidən ucaldılıb. Bir qədər sonra – 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən Dövlət Bayrağı kimi qəbul olunub. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” konstitusiya aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etdi.


30 il müddətində Azərbaycan tarixinin müstəqillik dövrünü əhatə edən üçrəngli bayrağımız ölkəmizin müstəqilliyinin qorunması, suverenliyinin bərpa olunması, qələbələrimizin təmin olunmasında iradəmizi daha da möhkəmləndirmiş, bizə mənəvi güc vermişdir. Ulu öndər hər zaman söyləyirdi ki, “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, o, bu bayraq altında birləşməlidir. Həmçinin Ümummilli lider hər bir ailədə dövlət bayrağına itaət edilməsini, onun hər bir  vətəndaşın həyatının əziz hissəsinə çevrilməsinin vacibliyini vurğulamışdır. Dövlət rəmzlərimizə olan ehtiram Prezident İlham Əliyev tərəfindən də davam etdirilməsi atributlarımıza olan misilsiz qiymətin təzahürüdür. Prezidentimizin fəaliyyətində bütün bunlar daim diqqət mərkəzində olmuşdur. 2007-ci il 17 noyabr tarixli Sərəncamla Bakı şəhərində yaradılan Dövlət Bayrağı Meydanı, Meydanda yaradılan və 2024-cü ilin noyabrında qapılarını açan Dövlət Bayrağı Muzeyi müasir tərtibatı ilə diqqət çəkir. Təmir-bərpa işlərindən sonra fəaliyyətə başlayan muzeydə Azərbaycanın qədim və orta əsrlər tarixinə, xanlıqlar, Cümhuriyyət və SSRİ dövrlərinə aid eksponatlar nümayiş olunur. Muzeyin tərkibindəki Zəfər qalereyası isə 44 günlük Vətən müharibəsinə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda bayrağımızın ucaldılmasına və Xankəndi şəhərində keçirilən hərbi parada həsr olunmuşdur.


Prezident İlham Əliyevin  2010-cu il sentyabrın 1-də Bayrağ Meydanının açılışında səsləndirdiyi “Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır” fikri bu gün tarixi reallığa çevrilmişdir. Tarixi Zəfərimizdən dərhal sonra işğaldan azad olunan hər bir qarış torpağımızda üçrəngli bayrağımızın ucaldılması xalqımızın qürur mənbəyidir.


Milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəmizin əsas daşı olan şanlı bayrağımız bundan sonra da müstəqil Azərbaycan üzərində əbədi dalğalanacaq, gələcək nəsillərə inam və qürur bəxş edəcəkdir.


 


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.