4 oktyabr – Cəbrayıl Şəhəri Günü Azərbaycanın müasir tarixinə milli qürur, ədalətin bərpası və böyük qayıdışın rəmzi kimi həkk olunmuş müqəddəs bir təqvimdir.
Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə əbədiləşdirilən bu gün 27 illik əsarətdən sonra doğma yurdun dirçəliş bayramı kimi geniş təntənə ilə qeyd olunur.
Cəbrayıl rayonu 23 avqust 1993-cü il Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə Cəbrayıl rayonu, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan bu dilbər guşə erməni vandalları tərəfindən tamamilə dağıdılmış, onun tarixi, mədəni, dini abidələri, o cümlədən Xudafərin körpüləri, Sultan Məcid hamamı və qədim türbələri viran edilmişdir. Lakin Cəbrayıl xalqının, Azərbaycan əsgərinin qəlbində yurd sevgisi heç vaxt sönmədi.
2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlər hərbi əməliyyatların ən mühüm mərhələlərindən biri oldu. Rəşadətli Azərbaycan ordusu düşmənin illərlə qurduğu keçilməz istehkamları qısa müddətdə yararaq irəlilədi.
Nəhayət 2020-ci il oktyabrın 4-də Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edərək Cəbrayıl şəhərinin və rayonun Karxulu, Şükürbəyli, Çərəkəm, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərinin işğaldan azad olunduğu müjdəsini verdi. Bu, İkinci Qarabağ müharibəsində azad edilən ilk şəhər idi. Cəbrayılın azad olunması ordumuza mənəvi-psixoloji üstünlük qazandırmaqla yanaşı, strateji baxımdan Araz boyu rayonlara, Zəngilana və Qubadlıya doğru irəliləmək üçün geniş imkanlar açdı. Azərbaycan-İran dövlət sərhədi üzərində nəzarətin bərpa edilməsi və Xudafərin körpüsündə şanlı bayrağımızın dalğalandırılması milli qürurumuzun təntənəsinə çevrildi.
Cəbrayıl rayonun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər(Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın azad edilməsinin Vətən müharibəsinin gedişində xüsusi rolu olub. Belə ki, Cəbrayıl azad olunduqdan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əkshücum əməliyyatları aparmaq mümkün oldu. Cəbrayıldan sonra Azərbaycan ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Ardınca Zəngilan, Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi. Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
4 oktyabr Cəbrayıl Şəhəri Günü təkcə hərbi qələbəmizin xatırlandığı bir gün deyil, bu tarix işğalçının 30 il ərzində yaratdığı xarabalıqların cəmi bir neçə ilə müasir şəhərsalma möcüzəsinə çevirən Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın yenilməz iradəsinin nümayişidir. Bu gün Cəbrayıl özünün tamamilə parlaq dövrünü yaşayır. Postmüharibə dövründə Cəbrayılın bərpası prioritet istiqamətə çevrilib, burada “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb, müasir enerji infrastrukturu qurulub, yol layihələri icra olunmağa başlayıb. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu regionun nəqliyyat sistemində strateji əhəmiyyətli layihələrdəndir. Cəbrayılın yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 25 iyul tarixli qərarı ilə “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planı” təsdiq edilib. 2024-cü ilin 26 sentyabr tarixində ilk köç karvanının rayona qayıdışı böyük qayıdış prosesinin real başlanğıcı olub. Azərbaycan dövlətinin həyata keçirdiyi “Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində rayon ən müasir şəhərsalma prinsiplərinə uyğun sıfırdan qurulur. Cəbrayıl şəhərində 1-ci çoxmənzilli yaşayış kvartalı artıq sakinlərin ixtiyarındadır. Tikinti bununla bitmir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə şəhərdə ümumi sahəsi 10 hektardan artıq olan 2-ci və 3-cü yaşayış kompleksləri sürətlə inşa edilir.
Bu gün Cəbrayıl həm azadlığın, həm də dirçəlişin, quruculuğun təzahürü kimi yeni həyatına qovuşur. Cəbrayıl artıq keçmişin ağrılı izlərini silərək, gələcəyə inamla addımlayan azad, müasir və çiçəklənən zəfər yurdudur.