Dəmir yumruq » Manşet » Əhalinin regionlardan Bakıya axınının səngidilməsi üçün...” – Deputatdan mühüm açıqlamalar
Manşet / Müsahibə / Bugün, 14:54

Əhalinin regionlardan Bakıya axınının səngidilməsi üçün...” – Deputatdan mühüm açıqlamalar

 

Son günlər paytaxt Bakının yüklənməsi, şəhər həyatının tıxac səbəbindən bəzən iflic hala düşməsi barədə geniş müzakirələr aparılır. Amma bir reallıq var ki, paytaxtın yüklənməsinin səbəbi bölgələrimizin sürətlə boşalması və mərkəzə axının artmasıdır. Dövlət başçımız dəfələrlə regionlardakı problemlərin həll edilməsi, kəndlərin, rayonların əhalisinin iş yerləri ilə təmin olunması, vətəndaşları məmnun edən addımların atılması barədə tapşırıqlar verib, bununla bağlı vacib proqramlar qəbul olunub.

Sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclası keçiriləcək və yəqin ki, bu mövzu müzakirə mövzularından olacaq. Bir sıra deputatlar yay tətilində olduqları müddətdə və ondan sonrakı dönəmdə də seçicilərlə nəzərdə tutulmuş qrafik əsasında görüşlər keçirdilər, bu barədə internet resurslarında və mediada da məlumatlar yayıldı.

Maraqlıdır, seçiciləri daha çox hansı məsələlər narahat edir, deputatlarla görüşdə hansı problemlərdən bəhs olunur?
113 saylı Qax-Şəki seçki dairəsinin deputatı, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli Musavat.com-a müsahibəsində əvvəlcə sentyabrın 25-də Qax rayon İcra Hakimiyyətinin dəstəyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə bu rayonda gənclərin və işsiz şəxslərin peşə hazırlığını stimullaşdıran “PeşəFest 2026” layihəsi çərçivəsində təşkil edilən geniş tədbir barədə danışdı:

- Regionların potensialından hərtərəfli dolğun istifadə etmək məsələsi getdikcə daha böyük aktuallıq kəsb edir. Bir sıra rayonlarda bu istiqamətdə addımlar da atılmağa başlanılıb. Bu prosesi tələb olunan səviyyədə sürətləndirmək və dairəsini genişləndirmık üçün zəruri olan amillər içərisində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşə öyrən, gələcəyini qur!” devizi altında reallaşdırılan “PeşəFest” peşə festivalının rolunu artırmaq vacibdir.

“PeşəFest” gənclərin əmək bazarının tələbləri barədə məlumatlandırılması, müxtəlif peşələrlə yaxından tanış olmaları və gələcək karyera istiqamətlərini düzgün müəyyənləşdirmələri baxımından əhəmiyyətli platformadır. Regionların inkişafı istiqamətində ən perspektivli yola çıxmaqdan ötrü, digər məlum şərtlərlə yanaşı, həm də orada yaşayan gənclərin potensialında dolğun istifadə etmək çox perspektivli yoldur. Bu baxımdan Qaxın intellektual potensilı çox yüksəkdir. Burada gənclərin peşə bacarıqlarının inkişaf etdirilməsi, əmək bazarının tələblərinə uyğun ixtisaslara yiyələnmələri istiqamətində həyata keçirilən layihələr, həm fərdlərin karyera imkanlarına, həm də ölkənin əmək bazarının inkişafına mühüm töhfə verə bilər. Ona görə də “PeşəFest” kimi təşəbbüslər peşələri tanıtmaq, işəgötürənlərlə işaxtaranlar arasında əlaqələri gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. “PeşəFest” gənclərin peşə aləmi ilə yaxından tanış olmasına, əmək bazarında mövcud imkanlar ətraflı məlumat əldə etmələrinə və gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmələrinə şərait yaradır. Burada əsas məsələ gənclərin təşəbbüslərinin nəticəliliyini artırmaqla onların öz potensilına inamını gücləndirilməsinə lazımi dəstəyin verilməsidir. Bu halda gənclərin fəallığı sürətlə artacaq. Ona görə də bu festivalın gözləntillərinin real nəticəliliyini artırmaq və onun gənclərin həyatında hiss olunma dərəcəsini yüksəltməklə aktuallığını və cazibədarlığını da xeyli artırmaq olar.

WhatsApp Image 2026-09-28 at 13.40.08.jpeg (40 KB)

- Əli bəy, bu günlərdə Qax sakinlərinin saytımıza etdiyi müraciətdə bu bölgə üçün strateji əhəmiyyətli məhsul sayılan fındığın qiymətinin aşağı olması ilə bağlı narahatlıq ifadə olunmuşdu. Maraqlıdır, seçiciləriniz sizinlə görüşdə əsas hansı məsələlərlə bağlı müraciətlər, xahişlər edirdilər?

- Qaxa səfərim çərçivəsində bir qrup sakinlə görüşdüm. Görüşdüyüm insanlar daha çox Qaxın təsərrüfat həyatında mühüm yer tutan fındığın qiymətinin aşağı olması ilə bağlı məsələni qaldırdılar. Vətəndaşları qəbul zamanı işədüzəlmə, əlillik dərəcəsi almaq, xüsusən də qazilərin əlillik dərəcəsinin bərpası, torpaq sahəsi alması, torpaq mübahisələri və sair məsələlər üstünlük təşkil etdi. Təbii ki, vətəndaşlar qaldırdığı problemlərin hər birinə əlaqədar olaraq müvafiq icra strukturlarına rəsmi müraciət ediləcək. Qaxda 2026-2030-cu illəri əhatə edən Proqramdan irəli gələn vəzifələrin tam icra edilməsi istqamətində mühüm işlər görülməyə başlanılıb. Onların arasında infrastrukturun yenilənməsi, sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə doğru addımlar, məsələn, kənddaxili yolların asfaltlanması, məişət tullantılarının idarə olunması üçün müvafiq sahələrin ayrılması və elektrik şəbəkəsinin yenilənməsi layihələrinin mərhələli şəkildə aidiyyəti dövlət qurumları ilə birgə icrası planlaşdırılır. Qaxın coğrafi və tarixi statusu nəzərə alınaraq, rayona investisiya cəlbi və turizm infrastrukturunun müasirləşdirilməsi növbəti dövrlər üçün əsas hədəflərdən biridir. Rayonda aqrar sahədə həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədilə geniş monitorinqlər aparılır. Bu baxımdan Qaxın təsərrüfat həyatında mühüm yer tutan fındıqçılığın inkişafının sürətləndirilməsi və səmərəliliyinin yüksəldilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının güzəranı, xeyli dərəcədə bu məhsulun yetişdirilməsinə çəkilən xərclərlə fındığın tədarük, əhalidən alış qiymətləri arasında fərqdən yaranan gəlirlilik dərəcəsindən asılı olur. Bu baxımdan Qax rayonunda fındıq tədarükü və qiymətlərin aşağı olması məsələsi cari mövsümdə fındıq istehsalçıları üçün ən çox müzakirə edilən problemlərdən biridir. 2026-cı ilin sentyabr ayına olan məlumatlara əsasən, ötən illə müqayisədə fındığın alış qiyməti təxminən iki dəfə aşağı düşüb. Əgər keçən il fermer yetişdirdiyi fındığı 7-8 manata sata bilirdisə, hazırda bazarda qabıqlı fındığın kiloqramı keyfiyyətindən asılı olaraq 3-4 manat arasında dəyişir. Bəzən fermerlər öz məhsulunu ondan da aşağı qiymətə satmalı olur. Nəticədə elə təsərrüfatlar var ki, builki qiymətlər məhsulun yetişdirilməsinə çəkilən xərcləri belə ödəmir və ya çox az məbləğdə gəlir əldə olunur.

- Sizcə, vətəndaşı narazı salan bu vəziyyətin səbəbi nədir: obyektiv, yoxsa subyektiv amillər məhsulun qiymətinin aşağı olmasında əsas rol oynayır?

- Qaxda fındıqçılıq sahəsində mövcud olan ümumi vəziyyət və qiymət azalmasının bir sıra obyektiv və subyektiv səbəbləri var. Ötən il həm Azərbaycanda, həm də dünya fındıq bazarında əsas rol oynayan Türkiyədə məhsuldarlığın aşağı olması səbəbindən qiymətlər kəskin bahalaşmışdı. Bu il isə bazarda məhsul qıtlığı olmadığı, təklif artdığı, bir sıra səbəblərdən fermerlərin öz məhsulunun satmaq imkanları məhdudlaşdığından və sair səbəblərdən tədarükçülər alış qiymətlərini aşağı salıblar. Qax rayonunun bəzi kəndlərində, məsələn, Turaclı, Marsan və Tasmalı kəndləri və digər kəndlərində fındıq bağlarının bir hissəsinin zərərvericilərdən əziyyət çəkməsi və ya quraqlıq kimi amillər fındığın keyfiyyətinə mənfi təsir göstərib və keyfiyyəti aşağı olan məhsul isə tədarük məntəqələri tərəfindən çox ucuz qiymətə qəbul edilir. Görüşlərim zamanı bir fermerin söylədiyinə görə, elə hallar da olur ki, tədarük məntəqələri obyektiv səbəb olmadan belə, müxtəlif üsullarla normal keyfiyyətli fındığın qiymətini də aşağı salırlar. Tədarük bazarında fermerlərdən məhsul alan şirkətlərin sayının məhdud olması və rəqabətin zəifliyi fındığın yerində ucuz götürülməsinə şərait yaradır. Fındığın ucuzlaşması fonunda fermerlərin gübrə, dərmanlama, suvarma və ən əsası, işçi qüvvəsi xərcləri artıb. Bu səbəbdən cari qiymətlər təsərrüfatçıların çəkdiyi xərcləri çətinliklə qarşılayır. Bu cür amillər bir çox ailə təsərrüfatlarının əsas gəlir mənbəyi olan fındıqçılıqdan gəlirlərinin azalmasına səbəb olur, onların güzəranına mənfi təsir göstərir və fermerlərin fındıqçılığın inkişafına həvəsini azaldır. Ona görə də fındıqçılığın öz ayaqları üstə qalmasından və inkişafını genişləndirməkdən ötrü əlavə tədbirlərin görülməsinə ehtiyac var.

- Vəziyyəti yaxşılığa doğru dəyişmək üçün hansı addımlar atılmalıdır? Bu istiqamətdə konkret hansı təklifləriniz var?

- Subsidiya mexanizminin şəffaflığa, nəticəliliyə əsaslanan mexanizminin tətbiqi ilə səmərəliliyinin artırılması, gübrə alışında qiymətlərin sürətlə artmasına rəvac verən mexanizmin, fermerlər üçün əlverişli mexanizmlərlə əvəz edilməsi və sair istiqamətdə real nəticəsi olan tədbirlər görülməlidir. Eyni zamanda beynəlxalq praktikada özünü doğruldan və fermerin müflisləşməsinin qarşısını alan üsullardan bizdə də geniş miqyasda istifadə olunması çox vacibdir. Məsələn, belə təcrübələrdən birində fermerlə bağlanan müqavilədə bütöv broyler toyuqlarının tədarük qiyməti hər kiloqrama görə 2,5 dollar nəzərdə tutulubsa, ay yarımdan sonra broyler yetişmiş vəziyyətdə olanda, bazarda qiyməti 2 dollara düşübsə, fermerlərlə həmin aşağı qiymətlə yox, nəzərdə tutulduğu kimi, kiloqramı 2,5 dollarla hesablaşırlar. Bundan əlavə, stimullaşdırıcı mexanizm kimi, məsələn, əgər ay yarımdan sonra yetişmiş broylerin bazarda qiyməti 3 dollara çatıbsa, fermeri istehsalını genişləndirməyə təşviqləndirmək məqsədi ilə məhsulun kiloqramını nəzərdə tutulan 2,5 dollara yox, 3 dollara götürürlər. Təbii ki, bizdə tezliklə bu üsulun təşviq hissəsinin tətbiq edilməsi real görünmür, amma fermerlərin müflisləşməsinin qarşısnı almaq üçün qiymətlər aşağı düşəndə nəzərdə tutulan tədarük qiyməti ilə hesablaşma variantının tətbiqi məqsədəuyğun olar. Məsələn, fındığın qiyməti kəskin surətdə aşağı düşən illərdə fermerlərin müflisləşməsinin qarşısını almaq üçün tədarük zamanı onun öz istehsal xərclərini qarşılamqla yanaşı, həm də müəyyən qədər gəlir əldə etməsini təmin edən qiymət mexanizmi tətbiq etmək olar. Bununla yanaşı, bir vacib məsələni də optimal surətdə həll etmək lazımdır. Belə ki, təcrübəli fermer və mütəxəssislər məhsulun hələ yetişmə mərhələsinə gəlib çatmasından xeyli əvvəl, elə tumurcuq mərhələsində bilirlər ki, bu il nə qədər məhsul əldə etmək potensialı var,  təbii fəlakət və sair kataklizmlər amili istisna olunmaqla...

Ona görə də fermerlərə dəstək son mərhələdə yox, elə sözügedən ilkin mərhələdən başlayaraq edilsə, itkilər azalar, gözlənilən və ya ona yaxın səviyyədə məhsul əldə edilər və fermerlər bundan xeyli əlavə məhsul əldə etmiş və gəlir götürmüş olar. Bəzən bu üsuldan istifadə olunsa da, hələ geniş tətbiq edilmir. Bu üsulun geniş və vaxtında tətbiq edilməsi fermerlərin fəaliyyətinə çox böyük dəstək olar.

Elşad Paşasoy,
Musavat.com


DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.