Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən bu tarix, 44 günlük Vətən müharibəsinin başladığı günü və xalqımızın qəhrəmanlıq salnaməsini ifadə edir. Sərəncamda Vətən müharibəsində qəhrəmanlıq göstərən hərbiçilərin, arxa cəbhədə çalışan mülki insanların, bütövlükdə xalqın birlik və həmrəyliyinin xüsusi əhəmiyyəti qeyd olunur. Dövlətimizin bu addımı eyni zamanda şəhidlərimizin, qərəmanlarımızın ruhuna, onların doğmalarına göstərdiyi dərin hörmət və ehtiramın ən bariz göstəricisidir.
Azərbaycan uzun illər Ermənistan - Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, siyasi və diplomatik vasitələrlə həllinə çalışdı. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərindəki hərbi əməliyyatlarla bağlı 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etdi. Bu sənədlərdə atəşin dayandırılması, işğal olunmuş ərazilərdən hərbi qüvvələrin çıxarılması, münaqişələrin danışıqlar yolu ilə həlli kimi məsələlər əksini tapırdı. Lakin uzun illər ərzində münaqişənin həlli mümkün olmadı. Cəbhə xəttində gərginlik, hərbi təxribatlar, yaşayış məntəqələrinin atəşə tutulması vəziyyətin mürəkkəbliyini artırırdı. 2016-cı ilin Aprel döyüşləri, 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən silahlı toqquşmalar da qarşıdurmanın davam etdiyini göstərirdi.
Nəhayət 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə və yaşayış məntəqələrinə atəş açması ilə genişmiqyaslı hərbi əməliyyatlar başladı. 2020-ci ilin məhz bu payız səhərində başlayan Vətən müharibəsi xalqımızın milli birliyi və sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirdi. “Dəmir Yumruq” adını alan bu tarixi hərəkat cəmi 44 gün ərzində düşmənin kapitulyasiyası və tarixi torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Keçmişdə işğal tarixlərini kədərlə yad edən bir millət bu möhtəşəm addımla öz taleyini dəyişdi və regionda yeni reallıqlar yaratdı. Xalqımızın nümayiş etdirdiyi bu möhtəşəm həmrəylik gələcək nəsillərə ən böyük örnək və milli yaddaşımızın ən güclü sütunudur. Bu Şanlı qələbənin əldə edilməsində ən böyük pay isə Vətən uğrunda canından keçən şəhidlərimizə məxsusdur. Onların qəhrəmanlığı Azərbaycan tarixinin ən şərəfli səhfələrindən birini təşkil edir. Qazilərimiz də Vətən müharibəsinin canlı qəhrəmanları, xalqımızın qürur mənbəyidir. Şəhid və qazilərimizin fədəkarlığı qarşısında hər birimizin mənəvi borcu sonsuzdur.
Azərbaycan dövləti Vətən müharibəsində göstərilən qəhrəmanlığın əbədiləşdirilməsi, şəhid ailələrinin və qazilərin sosial müdafiəsini gücləndirməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Vətən müharibəsi ilə bağlı orden və medalların təsis edilməsi, şəhidlərin adlarının əbədiləşdirilməsi, Hərbi Qənimətlər Parkının, Zəfər muzeylərinin yaradılması xalqımızın Qələbə tarixinin gələcək nəsillərə çatdırılmasına xidmət edir. Şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli dövlət qayğısı isə Vətən qarşısında xidmət etmiş insanların və onların ailələrinin daim dövlətin diqqətində olduğunu nümayiş etdirir.
Anım Günü hüzn günü olmaqla bərabər, həm də Zəfər gününün başlanğıcı sayılır. Torpaqlarımızın azadlığı naminə canından keçən 3000-ə yaxın şəhidlərimizin ruhu qarşısında minnətdarıq, onların qanı ilə suvarılan torpaqlar bu gün azaddır. Şuşada, Xankəndində, Xocalıda, Kəlbəcərdə, Laçında dalğalanan üçrəngli Bayrağımız Şəhidlərimizin ruhunun ən böyük təsəllisidir.
Şəhidlərimizin müqəddəs xatirəsi daim yaşayacaq, onların qəhrəmanlığı Azərbaycan xalqınıln milli yaddaşında əbədi qalacaqdır.