Prezident İlham Əliyev sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul etdi. Dövlət başçısı çıxışında mühüm məqamlara toxundu və həm İslam, həm Türk dünyasının gələcəyi, o cümlədən mövcud geosiyasi reallıqlarla bağlı vacib mesajlar verdi.
Prezident ilk növbədə iki mühüm tədbirin eyni vaxtda keçirilməsinin rəmzi mənasına diqqət çəkdi. Bildirdi ki, Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin Türk və İslam dünyasının ümumi mənəvi xəzinəsinin mühüm hissəsi olması ilə bağlıdır. Bakıda keçirilən toplantının əsas cəhətlərindən biri onun geniş coğrafiyanı əhatə etməsidir. Beynəlxalq konfransda TDT üzv ölkələrinin dini liderləri ilə yanaşı, Gürcüstan, Suriya dini liderləri, Şimali Qafqaz respublikalarının - Dağıstan və Çeçenistandan olan nümayəndələrinin iştirakı da bunu təsdiq edir. Prezident çıxışında bunu birliyin nümunəsi kimi qeyd edərək vurğulayıb ki, “Təbii ki, burada Azərbaycanın xüsusi rolu var. Çünki Azərbaycan həm Türk dünyasının bir parçasıdır, həm də Qafqaz ölkəsidir. Bizim ölkəmizin tarixinə baxanda hər şey açıq-aydın görünür. Qədim Qafqaz Albaniyası məhz bizim ərazilərimizdə mövcud idi və qədim dövlətin paytaxtı Qəbələ şəhəri idi, bu gün də ölkəmizin ən gözəl yerlərindən biridir. Qədim Atabəylər dövlətinin paytaxtı isə digər gözəl şəhərimiz Naxçıvan olmuşdur. Yəni bu bir daha göstərir ki, Türk dünyası və Qafqaz - bu iki məkan, əslində, vahid bir coğrafiyanı əhatə edirdi və Türk Dövlətləri Təşkilatına üzv olan yeganə Qafqaz ölkəsi Azərbaycandır. Burada sizin bir yerdə olmağınız çox böyük rəmzi məna daşıyır. Çünki məhz belə birgə tədbirlər bizi daha da birləşdirir, aramızdakı dostluq, qardaşlıq əlaqələrini gücləndirir və dünyaya çox gözəl mesajlar verir”.
Azərbaycanın İslam həmrəyliyinə münasibəti çıxışda konkret instutisonal və praktiki nümunələrlə əlaqələndirilib. Prezidentin nitqində İslam Əməkdaşlıq Təşkilatı və İCESCO çərçivəsində keçirilən tədbirlər, 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunları və qarşıdakı İƏT Zirvə görüşünə verilən əhəmiyyət Azərbaycanın özünü İslam dünyası daxilində fəal diplomatik platforma kimi təqdim olunub. Burada xüsusilə idman tədbirinin yalnız yarış deyil, həm də birlik rəmzi kimi təqdim olunması diqqət çəkir. Bu, Azərbaycanın yumşaq güc imkanlarından istifadə edərək müxtəlif müsəlman ölkələri arasında qarşılıqlı əlaqələri gücləndirmək xəttini ifadə edir.
Çıxışın digər mühüm istiqaməti Qarabağ məsələsi ilə bağlı səsləndirilən fikirlərdir. Dövlət başçımız 30 illik işğal dövrünün nəticələrinə geniş toxunub. Bu təqdimatda Qarabağ məsələsi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tarixi problemi kimi deyil, eyni zamanda beynəlxalq hüquq, ərazi bütövlüyü, tarixi yaddaş və mədəni irsin qorunması kimi çərçivələndirilir. Dini liderlərin Qarabağa səfərinin də, məhz bu konteksdə əhəmiyyəti böyük önəm daşıyır. Nümayəndə heyətinin Ağdam, Xankəndi, Xocalı və Şuşaya səfəri onlara bölgədəki dağıntılarla yanaşı, bərpa prosesinidə yerində müşahidə etmək imkanını verir. Ağdam məscidinin bərpasının xüsusi vurğulanması isə çıxışın mühüm simvolik elementlərindən biridir. Azərbaycanın bərpa prosesinin ilk olaraq məsciddən başlanması da təsadüfi deyil. Bu fakt yenidənqurmanın dini-mədəni irsin bərpasını da əhatə etdiyini göstərir. Prezidentin 12 məscidin bərpa və yenidən qurulduğunu qeyd etməsi də bu narativi gücləndirir.
Ölkə başçısının çıxışının ən mühüm mesajlarından biri Azərbaycanın müharibədən sonrakı dövrdə sülh gündəliyinə üstünlük verməsi ilə bağlıdır. Ermənistanla münasibətlərə toxunarkən dövlət başçısı real və praqmatik yanaşma nümayiş etdirib. Prezident İlham Əliyev hazırda regionda müharibənin dayandığını, sülh prosesinin getdiyini və bu sülhün uzunmüddətli olacağına ümid etdiyini bildirib. Dövlət başçısı bildirib ki, sülh danışıqlarına baxmayaraq Azərbaycan arxayınlaşmamalıdır. Keçmişdə törədilən Xocalı soyqırımını, dağıdılan 65 məscidi, təhqir edilən mədəni ocaqlarını heç vaxt unutmayacaq, bu yaddaş bizi daha da ayıq edəcək. Şirin sözlərə aldanıb məkirli planların qurulmasına imkan verməyəcəyik – xəbərdarlığını edib.
Çıxışda Azərbaycanın beynəlxalq təkilatlarla, xüsusilə Qərb institutlarına münasibəti də sərt tənqidi mövqedə açıq şəkildə ifadə olunur. Prezident keçmiş Qarabağ münaqişəsinin həlli prosesində beynəlxalq təşkilatların fəaliyyətinin Azərbaycana münasibətdə ədalətsiz olduğunu vurğulayıb. Bu hissədə əsas tezis ondan ibarətdir ki, Azərbaycan uzun illər ərzində beynəlxalq hüquqa əsaslanan siyasi həll gözlədiyini, lakin nəticə əldə olunmadıqdan sonra öz güc imkanlarına söykənərək ərazi bütövlüyünü bərpa etdiyini vurğulanır.
Prezident İlham Əliyev həmçinin əlavə edib ki, “Biz sülh gündəliyini seçdik və bu seçimin nə qədər müdrik olması bu gün bütün dünyaya aydındır və bütün dünya bunu görür”. Bu xüsusda müharibənin başa çatmasından sonra əsas məqsəd regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasıdır. Prezident həmçinin vurğulayıb ki, sülhün qorunması yalnız Azərbaycan və Ermənistanın deyil, regionda maraqları olan bütün tərəflərin məsuliyyətidir. Xüsusilə Türk dünyası və Qafqazın yeni qarşıdurmaların coğrafiyasına çevrilməməsi üçün regional əməkdaşlığın gücləndirilməsi zəruridir.
Dünyada beynəlxalq hüququn deyil, “kim güclüdür, o da haqlıdır” prinsipinin ön plana çıxdığını deyən dövlət başçımız Azərbaycanın öz suverenliyini qorumaq üçün hərbi gücünü bundan sonra da artıracağını da bəyan edib.