Sentyabrın 11-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri keçirildi. Xarici diplomatik korpusun nümayəndələrinin, o cümlədən beynəlxalq təşkilatların rəhbərlərinin azad edilmiş ərazilərə təşkil olunan genişmiqyaslı səfəri, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin beynəlxalq müstəvidə qəti şəkildə qəbul olunmasının növbəti əyani nümayişidir.
58 ölkəni və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyətin bu səfərdə iştirakı görülən işlərə, həmçinin 30 illik işğal dövrünün reallıqlarına böyük marağın göstəricisidir. Səfərin əsas əhəmiyyəti ondan ibarətdir ki, xarici diplomatlar Qarabağdakı vəziyyəti müxtəlif siyasi şərhlər əsasında deyil, bilavasitə yerində müşahidə edərək öyrənmək imkanı əldə edirlər. Onlar dağıdılmış ərazilərin bərpasını, yeni yolları, yaşayış məntəqələrini, sosial infrastrukturu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdış prosesini görürlər.
İlk baxışda səfəri işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin nümayişi kimi qiymətləndirmək olar. Lakin səfərin siyasi və diplomatik əhəmiyyəti daha genişdir. Önəmli məqamlardan Xankəndi, Şuşa, Ağdərə və Kəlbəcər rayonlarına reallaşan bu səfər regiondakı geosiyasi status-kvonun geridönməz olduğunu bir daha sübut etdi. Diplomatların azad olunmuş ərazilərdə Azərbaycanın üçrəngli bayrağı altında qarşılanması, keçmiş separatçı rejimin tamamilə silindiyini və ərazilərin qanuni sahibinə tam inteqrasiya olunduğunu dünyaya bəyan edir. Bu, Azərbaycanın 30 illik işğal dövründə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin təkbaşına icra etməsindən sonra yaranan yeni reallığın hüquqi və siyasi cəhətdən tam şəkildə qəbul olunması prosesidir. Bu cür səfərlər xarici diplomatların məlumatı üçüncü tərəflərin, xüsusilə də beynəlxalq erməni lobbisinin qərəzli şərhlərindən və hesabatlarından deyil, birbaşa ilkin mənbədən əldə etməsinə şərait yaradır.
Kəlbəcərdəki sənaye obyektləri, yerli festivallar və ən əsası Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti kimi mülki infrastruktur layihələri bölgənin sürətlə normal sosial-iqtisadi həyata qayıtdığını göstərir. Bütün bunlar Azərbaycan əleyhinə aparılan “etnik təmizləmə” və ya “bölgənin hərbləşdirilməsi” kimi qara piyar kampaniyalarına yerində verilən ən kəsərli cavabdır. Səfər proqramına Gəncəsər və Xudavəng monastr komplekslərinin daxil edilməsi xüsusi strateji əhəmiyyət kəsb edir. Azərbaycan qədim Alban-Udi mədəni irsinə aid bu abidələrin bərpa prosesini beynəlxalq ictimaiyyətə nümayiş etdirməklə, torpaqlarını təkcə coğrafi deyil, həm də tarixi və mədəni cəhətdən öz qanuni sahibinə qovuşduğunu sübut edir. Bu addım regionun multikultural dəyərlərini qoruyan yeganə gücün yalnız məhz Bakı olduğunu göstərir.
Ermənistan rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsinə rəğmən, erməni cəmiyyətində, mediasında müxtəlif iddiaların səslənməsi ikrah doğurur. Ermənistan tərəfinin Qafqaz Albaniyasının tarixi-mədəni irsinə qərəzli və ayrıseçkilik ehtiva edən münasibəti irqçilik və islamfobiyadan başqa bir şey deyildir. Məsələnin digər mühüm tərəfi isə Ermənistan ərazisində Azərbaycan xalqının mədəni irsinə münasibətdir. Ermənistan uzun illər ərzində Azərbaycan xalqının öz ata-baba dorpaqlarında yaşaması, inkişaf etməsi və zəngin maddi-mədəni irs qoyması reallığını hər vəclə danmağa, bu tarixi reallığa kölgə salmağa çalışır.
Bu siyasətin tərkib hissəsi olaraq Qərbi Azərbaycanda xalqımızın formalaşdırdığı misilsiz mədəni irs sistemli şəkildə dağıdılıb yer üzündən silinib. Ermənistan tərəfinin Azərbaycan mədəniyyət abidələrini qəsdən məhv etməsi və Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki mədəni izlərini silməsi beynəlxalq hüququn, o cümlədən 1954-cü il Haaqa Konvensiyası və UNESCO-nun müvafiq qərarlarının kobud şəkildə pozulmasıdır.
Bu gün Qarabağ və Şərqi Zəngəzurda dalğalanan şanlı üçrəngli bayrağımız Azərbaycanın gücünün və tarixi Zəfərimizin ən parlaq nümayişdir. Ermənistan cəmiyyəti nəhayət anlamalıdır ki, Azərbaycanın regionda yaratdığı reallıqları nə revanşist çağırışlarla, nə siyasi manipuliyasiyalarla, nə də sosial şəbəkələrdə aparılan kampaniyalarla dəyişmək mümükün deyil. Azərbaycan öz gücü, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti ilə ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Azərbaycanın müasir tarixinin bu qürurverici səhifələrini dəyişmək, yalanları həqiqət kimi qəbul etdirmək mümkünsüzdür.