"İqlim dəyişikliyinin reallıqları artıq proqnozlardan ibarət deyil. Bu dəyişikliklərin təsirlərini dünyanın hər yerində, o cümlədən regionumuzda aydın şəkildə görmək mümkündür".
Demiryumruq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) tədbirinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
O bildirib ki, buna nümunə kimi Xəzər dənizini göstərmək olar:
"Son bir neçə ildə Xəzər dənizinin səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu gün Xəzərin sahilində, gözəl Bakı Bulvarı boyunca gördüyünüz mənzərə cəmi bir neçə onillik əvvəlki sahil xətti deyil. İqlim dəyişikliyinin artan təsirləri milli iqtisadiyyatlar və dövlət maliyyəsi üzərində təzyiqi artırır. Qlobal qeyri-sabitlik, münaqişələr və bazarlardakı dəyişkənlik də bu təzyiqləri daha da gücləndirir. Bu proseslər iqtisadiyyatın şaxələndirilməsini və enerji dayanıqlılığını milli təhlükəsizlik, iqtisadi sabitlik və uzunmüddətli dayanıqlılıq baxımından getdikcə daha vacib edir.
COP29 zamanı Bakıda iqlim maliyyələşdirilməsi, karbon bazarları və Paris Sazişinin digər istiqamətləri üzrə tarixi qərarlar qəbul edildi. Bu qərarlar iqlim fəaliyyətini sürətləndirməyə, öhdəliklərini yerinə yetirməyə hazır olan, lakin bunun üçün lazımi resurslara malik olmayan ölkələrə dəstək göstərməyə xidmət edir. "Bakıdan Belemə Yol Xəritəsi"nin də göstərdiyi kimi, onun ambisiyası 300 milyard ABŞ dollarından daha yüksək olmalıdır. Sözügedən yol xəritəsi iqlim maliyyəsinin 1 trilyon ABŞ dollarından artıq həcmdə səfərbər edilə biləcəyini nümayiş etdirdi.
Biz iqlim gündəliyində və onun hüdudlarından kənarda tərəqqinin təmin edilməsində fəal rolumuzu davam etdirməyə hazırıq. Bu çərçivədə beynəlxalq səviyyədə nümayiş etdirdiyimiz liderliyi ölkə daxilində qətiyyətli tədbirlərlə tamamlayırıq. Azərbaycan Qlobal Qiymətləndirmənin nəticələrinə uyğunlaşdırılmış üçüncü Milli Müəyyən Edilmiş Töhfəsini (NDC) təqdim edib.
Biz irihəcmli Günəş və külək layihələrini istifadəyə verməklə, hidroenerji imkanlarını genişləndirməklə və beynəlxalq tərəfdaşlarla təmiz enerji layihələri həyata keçirməklə bərpa olunan enerji güclərimizi artırırıq. 2030-cu ilə qədər artıq imzalanmış sazişlər əlavə olaraq təxminən 6 GVt günəş və külək enerjisi gücünün yaradılmasını nəzərdə tutur. Bu planlarla Azərbaycan 2030-cu ilə qədər qlobal bərpa olunan enerji gücünün üç dəfə artırılmasını nəzərdə tutan Birinci Qlobal Qiymətləndirmənin ambisiyasını aşmağa hazırdır.
Biz ənənəvi enerji istehsalçılarının yaşıl və dayanıqlı gələcəyin öncüllərinə çevrilə biləcəyini nümayiş etdirməkdə qərarlıyıq. Bütün bu istiqamətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzunmüddətli strateji baxışına möhkəm şəkildə əsaslanır.
Beynəlxalq səviyyədə isə iqlim diplomatiyasının və əlaqəli sahələrin inkişafında fəal rol oynamağa sadiq qalırıq".