Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi geniş müsahibə, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji yaxınlaşmasında yeni bir mərhələnin anonsu kimi qiymətləndirilməlidir. Dövlət başçısının təqdim etdiyi tezislər, Bakı ilə Daşkənd arasındakı münasibətlərin sadəcə ikitərəfli tərəfdaşlıq deyil, Avrasiya məkanında formalaşan yeni güc mərkəzinin institusional əsas olduğunu bəyan edir. Müsahibədə yer alan strateji istiqamətlərin dərin siyasi-iqtisadi təhlili bir neçə fundamental müstəvidə özünü biruzə verir.
Azərbaycan və Özbəkistan regional güc mərkəzləri olaraq həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın geosiyasi mənzərəsini yenidən formalaşdırır. İki qardaş ölkə arasındaki münasibətlərin bu gün gəlib çatdığı ali nöqtə təkcə diplomatik uğur deyil, həm də Türk dünyasının bütövlüyünə xidmət edən tarixi zərurətdir. Prezident İlham Əliyevin Özbəkistanın dövlət mediasına verdiyi son müsahibə iki ölkə arasında müttəfiqlik əlaqələrinin dərinliyini, gələcək istiqamətlərini və regional inteqrasiyanın strateji konturlarını bir daha bəyan etdi.
Müsahibədə xüsusi vurğulanan əsas məqamlardan biri ikitərəfli əlaqələrin artıq adi tərəfdaşlıq formatını aşaraq ən yüksək – müttəfiqlik səviyyəsinə yüksəlməsidir. Dövlət başçısı xüsusi olaraq bu məqamalara toxunaraq qeyd etdi ki, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərə əsaslanan bu münasibətlər imzalanan tarixi sənədlərlə hüquqi müstəviyə qaldırılıb. 2024 və 2025-ci illərdə həyata keçirilən qarşılıqlı dövlət səfərləri, xüsusilə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki suveren dövlətin gələcək birgə addımlarının yol xəritəsini müəyyən edir. Həmçinin Ali Dövlətlərarası Şuranın təsis edilməsi bu istiqamətdə atılan mühüm addımlardandır.
Prezident müsahibəsində vurğulayıb ki, 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrildi. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Dövlət başçısı qeyd edib ki, bu gün siyasi münasibətlərimiz iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, logistika, enerji, kənd təsərrüfatı, təhsil, elm, mədəniyyət və humanitar sahələrdə genişmiqyaslı əməkdaşlıq tədbirləri ilə daha da zənginləşir. Həyata keçirilən layihələr ölkələrimizin iqtisadi potensialını birləşdirməklə yanaşı, xalqlarımız arasında dostluq və qardaşlıq bağlarını daha da möhkəmləndirir.
Müsahibənin mühüm hissəsi iqtisadi-ticari əlaqələrə həsr olunub. Prezident qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatıb, 2026-cı ilin ilk 5 ayında isə bu göstərici 33 faiz artımla 144 milyon dolları ötüb. 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib. Şirkət həm Azərbaycanda, həm də Özbəkistanda iqtisadiyyatın müxtəlif sektorlarında perspektivli layihələrin maliyyələşdirilməsinə və həyata keçirilməsinə əhəmiyyətli töhfə verir.
Dövlət başçısı həmçinin iki ölkə arasında tranzit daşımalarında artıma diqqət yönəldərək qeyd edib ki, 2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib.
Prezident mədəni və humanitar sahədə əməkdaşlıqdan bəhs edərkən mədəni diplomatiyanı münasibətlərin ayrılmaz hissəsi adlandırıb. Bakının mərkəzində salının “Özbəkistan” parkı, Daşkənddəki “Heydər Əliyev” meydanı, Nizami Gəncəvi adına Özbəkistan Milli Pedoqoji Universiteti, qarşılıqlı mədəniyyət günləri, Türkoloji Qurultayla bağlı tədbirlər bu əlaqələrin bariz nümunəsidir. Həmçinin təhsil sahəsində tələbə mübadiləsi, Füzulidə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbəy adına məktəb, işğaldan azad olunmuş ərazilərin bərpasında qardaş ölkənin verdiyi töhfə bu birliyin sarsılmaz mənəvi sübutudur.
Ölkə başçısının müsahibədə toxunduğu fundamental məsələlərdən biri də Türk Dövlətləri Təşkilatının (TDT) qlobal arenadakı rolu oldu. Azərbaycan və Özbəkistan TDT-nı sadəcə bir regional təkilat deyil, ortaq tarixi, mədəniyyəti və strateji gələcəyi hədəfə daşıyan güclü bir birlik kimi dəyərləndirir. Bu çərçivədə Bakı və Daşkəndin vahid geosiyasi mövqeydən çıxış etməsi təşkilatın beynəlxalq miqyasda nüfuzunu qətiyyətlə artırır. Prezidentin müsahibəsində toxunduğu logistika, enerji xəritələri, Bakı-Daşkənd oxunun qlobal miqyaslı əhəmiyyətini ortaya qoyur. Ölkə başçısı bu məqamlara geniş toxunub, vurğulayıb ki, əməkdaşlığımız, xüsusən də nəqliyyat və logistika sahəsində qarşılıqlı fəaliyyətimiz böyük perspektivlər vəd edir.
Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada mövqeyi ölkələrimizi Şərqlə Qərbi birləşdirən mühüm strateji marşrutlarda təbii tərəfdaşlara çevirir. Həmçinin prezidentin nitqində qeydolunub ki, bu baxımdan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə inteqrasiyası bütün region üçün yeni iqtisadi və tranzit imkanları yaradacaq. Prezident həmçinin Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv qismində qoşulmasından, “C5” formatının “C6”-ya çevrilməsindən danışıb və bunu regional əlaqələrin strateji əhəmiyyətinin göstəricisi adlandırıb.
Ümumilikdə, Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi geniş müsahibə sadəcə keçilmiş yola nəzər salmaq deyil, həm də gələcək onilliklərin yol xəritəsidir. Bu strateji dialoq sübut edir ki, Azərbaycan ilə Özbəkistan arasında qurulan ittifaq regionda sülhün, sabitliyin, iqtisadi tərəqqinin və ən əsası, Türk dünyasının həmrəyliyinin ən böyük təminatçısıdır. İki qardaş ölkənin ortaq hədəfləri həm Xəzərin şərqində, həm də qərbində yeni və parlaq bir inkişaf erasının bünövrəsini qoyur.