Dəmir yumruq » Manşet » Deputatdan həyəcan təbili: Azərbaycanda iqtisadi artım dayanıb
Manşet / Müsahibə / Bugün, 19:47

Deputatdan həyəcan təbili: Azərbaycanda iqtisadi artım dayanıb

 

2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi ilə bağlı bir neçə məsələ var ki, onların iqtisadi siyasətdə və növbəti illərin büdcə tərtibatında nəzərə alınması faydalı olar.
 
Bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Milli Məclisdə “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
 
Onun sözlərinə görə, ümumiyyətlə götürdükdə, 2025-ci ilin dövlət büdcəsi makroiqtisadi sabitlik şəraitində icra olunub:
 
"Eyni zamanda, ötən il makroiqtisadi sabitlik qorunub saxlanılsa da, iki mühüm makroiqtisadi göstəricidə proqnozla və 2024-cü illə müqayisədə xeyli kənarlaşma və fərq olub. Bu özünü, birincisi, ÜDM-in artım tempinin xeyli aşağı düşməsində, ikincisi isə inflyasiyanın sürətlənməsində göstərir.
 
Ötən il ÜDM 3,5 faizlik artım proqnozuna qarşı cəmi 1,4 faiz artıb. Bu temp proqnozlaşdırılandan 2,5 dəfə, 2024-cü ilin müvafiq göstəricisindən isə 3 dəfəyə yaxın aşağıdır. Bu ilin yanvar-may aylarında isə Azərbaycanda iqtisadi artım, ümumiyyətlə, dayanıb.
 
2025-ci ildə iqtisadi artım tempinin yavaşlamasının əsas səbəbi kimi neft-qaz sektorundakı geriləmə göstərilir. Təbii ki, bu həqiqətdir, amma yarımçıq həqiqətdir. Çünki ölkəmizin sürətli artım trayektoriyasından yavaşlamış artım trayektoriyasına keçməsində neft sektorunun kiçilməsinin tormozlayıcı rolu böyük olsa da, iqtisadi artım tempinə başqa amillər də təsir göstərib".
 
Deputat bildirib ki, bu ilin beş ayında iqtisadi artımın dayanmasının əsas səbəbi isə bir sıra dövlət investisiyalarının vaxtının dəyişdirilməsi ilə əsaslandırılır:
 
"Belə çıxır ki, Azərbaycanda iqtisadi artımın əsas mənbəyi yalnız dövlət investisiyalarıdır. Düzdür, dövlət investisiyaları iqtisadi artıma ciddi təsir göstərir. Amma ölkədə iqtisadi artımın yavaşımasına iqtisadi, institusional və digər xarakterli kompleks amillər təsir etdiyindən, əsas səbəb investisiyaların bir qisminin ləngidilməsi deyil, yaşadığımız yeni mərhələnin tələb etdiyi islahatların lazım olan sürətlə, kompleks və davamlı şəkildə həyata keçirilməsinin ləngiməsidir.
 
İqtisadi artımın sərmayə qoyuluşu ilə bağlı hissəsinə gəldikdə isə, burada məsələ nəzərdə tutulan sərmayələrin bir hissəsinin icrasının ləngidilməsindən daha çox, iqtisadi artıma daha çox təsir edən sahələrdə dinamikanın lazımi səviyyədə olmaması, eləcə də ümumilikdə ölkə iqtisadiyyatına sərmayə qoyuluşunun ÜDM-in 13 faizindən aşağı düşməsidir. Belə bir səviyyədə sərmayə qoyuluşu ilə yüksək və dayanıqlı iqtisadi artıma nail olmaq mümkün deyil.
 
Azərbaycanın qarşısında duran vəzifələrin etibarlı maliyyə bazasını təmin edə biləcək səviyyədə yüksək və dayanıqlı iqtisadi artıma nail olmaq üçün islahatları hərtərəfli və davamlı şəkildə dərinləşdirməklə sərmayə qoyuluşunu ÜDM-in 25 faizindən yuxarı qaldırmaq, onun strukturunu əsaslı şəkildə təkmilləşdirmək, keyfiyyətini, şəffaflığını və səmərəliliyini artırmaq lazımdır.
 
Bununla yanaşı, iqtisadi artımın yavaşlamasına təsir edən amillər arasında qeyri-neft sektorunda da artım tempinin 2024-cü illə müqayisədə 2025-ci ildə 6,2 faizdən 2,7 faizə enməsi, 2026-cı ilin ilk beş ayında isə müvafiq dövrlə müqayisədə 0,4 faizə düşməsi xüsusi diqqət çəkir. İqtisadi artımın dayanması şəraitində bu, faktiki olaraq resessiya deməkdir.
 
Beləliklə, neft sektorunun geriləməsi, qeyri-neft sektorunun ümumi iqtisadi artıma yetərincə təkan verə bilməməsi, dövlət sərmayələrinin azalması, bəzi hallarda onlardan istifadənin səmərəliliyinin lazımi səviyyədə olmaması, büdcə siyasətinin sərtləşdirilməsi, xərclərin icrasının elmi əsaslarla müəyyən edilən məqbul hədlərdən aşağı olması, inflyasiya təzyiqinin güclənməsi və digər bu kimi kompleks amillər iqtisadi artım tempinə mənfi təsir göstərir.
 
Ona görə də sadalanan sahə və istiqamətlər üzrə islahat xarakterli təsirli tədbirlərin görülməsinə ehtiyac var. Qeyri-neft sektorunun inkişafına təsir edən məlum amillərlə yanaşı, bu sahənin sərmayələşdirilməsi və kreditləşdirilməsinin əhatə dairəsini və əlçatanlığını artırmaq üçün ya sistem əhəmiyyətli bankların strukturunda, ya da ayrıca fəaliyyət göstərən “Aqrar-Sənaye Bankı”nın və “İnnovasiyalı İnkişaf Bankı”nın yaradılmasını vacib hesab edirik".
 
Əli Məsimlinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdəki çıxışında bildirib ki, “Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək:
 
"Tükənməz sərvət isə intellektual potensialdır. Amma o halda ki, buna sərmayə qoyulsun. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər də bu istiqamətdə öz səylərini göstərməlidirlər. Ona görə bu gün əsas vəzifələrdən biri texnoloji inkişafdır”.
 
İntellektual potensialın, texniki və texnoloji inkişafın əsasını təşkil edən elmə Azərbaycanda uzun illər ayrılan vəsait ÜDM-in təxminən 0,2 faizi səviyyəsində olub. 2025-ci ildə isə bu göstərici ÜDM-in 0,2 faizindən də aşağı düşüb ki, bu da iqtisadi təhlükəsizlik baxımından kritik hesab olunan həddən təxminən 10 dəfə aşağıdır.
 
Elmi işçilərin əksəriyyətinin əməkhaqqısı ölkə üzrə nominal orta aylıq əməkhaqqından 1,5-1,8 dəfə aşağıdır. Ona görə də bu gün Azərbaycanda elmi yaradıcılıq fəaliyyəti xeyli dərəcədə durğunluq vəziyyətindədir.
 
Azərbaycanın rəqabətqabiliyyətliliyinin və sosial-iqtisadi tərəqqisinin mühüm amili olan elm sahəsində nəinki müasir tələblərə cavab verən nəticəlilik azdır, hətta sovet dövründəki elmi mühitdən və yaradıcılıq atmosferindən belə, demək olar ki, ciddi iz qalmayıb. Bu isə dünyada innovativ inkişaf məsələlərinin ön plana çıxdığı və həlledici amilə çevrildiyi indiki şəraitdə yaxşı perspektivlər vəd etmir.
 
Amma onu da demək lazımdır ki, Azərbaycanda elmin əsas problemi alimlərdən daha çox, onun təşkili, idarə olunması, maliyyələşdirilməsi və təşviqi ilə bağlıdır. Ölkədə elmin maliyyələşdirilməsinə münasibət elmin inkişafının strateji xəttinə uyğun deyil.
 
Elm sahəsində sistemli islahatlara başlamaq şərtilə, elmin maliyyələşdirilməsinin ÜDM-in hazırkı 0,2 faizi səviyyəsindən 1 faizə və daha yüksək səviyyəyə çatdırılmasını, elmi işçilərin əməkhaqlarının ölkə üzrə orta aylıq əməkhaqqı səviyyəsinə, sonrakı mərhələdə isə mütərəqqi müqavilə münasibətləri və digər mexanizmlər vasitəsilə bundan da yüksək səviyyəyə qaldırılmasını, eləcə də elmin inkişafı və nəticələrinin praktikaya tətbiqi üzrə səmərəli mexanizmlərin yaradılmasını vacib hesab edirik", - deyə millət vəkili fikirlərini yekunlaşdırıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.