Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mənzil tikintisi sahəsinə 207,7 milyon manat investisiya yatırılıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 31,4% azdır. 2026-cı ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin 77,2 faizini inşa, yenidənqurma və bərpa, 9,2 faizini əsaslı təmir, 8,1 faizini cari təmir, 5,5 faizini isə sair tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 88,2 faizini qeyridövlət mülkiyyətində olan tikinti müəssisələri yerinə yetiriblər. Xatırladaq ki, 2025-ci ildə tikilib istifadəyə verilən evlərin ümumi sahəsi ümumi sahəsi 4 milyon 629 min 528 kvadrat metr təşkil edib. Hesabat dövründə tikilib istifadəyə verilmiş fərdi yaşayış və bağ evlərinin ümumi sayı 25 350 ədəd, bina evlərinin sayı isə 10 040 ədəd təşkil edib.
Qeyd edək ki, bir neçə il öncə paytaxtda "tikinti bumu" yaşanırdı və yeni tikilən binaların sayının artması ilə yanaşı burada kifayət insanlar çalışırdı. Hazırda isə paytaxtda bunu müşahidə etmək mümkün deyil.
Nəticədə isə daşınmaz əmlakın qiyməti davamlı olaraq artır, tikinti sektorunda çalışan insanlar isə başqa ölkələrə üz tutmalı olurlar. Yeni binaların tikintisi niyə azalıb və mövcud vəziyyət davam edərsə, insanların evlə təminatı daha da çətinləşməyəcəkmi?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Cebheinfo.az"-a bildirib ki, əvvəlki illərdə paytaxtın demək olar ki, bütün ərazisində yeni çoxmənzilli yaşayış binaları inşa edilirdi:
"Çoxmənzilli binaların inşa olunması vətəndaşların mənzil problemlərini aradan qaldırmaqla bərabər, həm də ölkə iqtisadiyyatının ayaqda durması ilə nəticələnirdi. Azərbaycan iqtisadiyyatının böyük bir qismi tikinti və daşınmaz əmlak sektorundan asılıdır.
Tikintidə istifadə olunan materialların böyük bir hissəsi, yəni qum, çınqıl, beton, dam örtükləri və s. yerli istehsal idi. Eləcə də hər tikinti prosesində onlarla, bəzi ərazilərdə yüzlərlə işçi qüvvəsinin işləməsi bir növ işsizliyin də qarşısını alırdı.
Digər tərəfdən, hansısa bir çoxmənzilli bina inşa olunub təhvil verildikdə, hər binada onlarla, bəzən yüzlərlə mənzil olurdu, həmin mənzillərin təmiri zamanı ev sahibləri yenidən tikinti bazarına müraciət edirdilər. Bununla bağlı tikinti materialları bazarı da fəaliyyətdə olur.
Bundan başqa, mənzil sahibləri ev əşyaları bazarına müraciət edirlər və yerli bazardan alındığına görə iqtisadiyyatda dinamiklik təmin olunurdu. Ancaq son illər tikintilərin sayının azalması, tikintilərə verilən icazələrin sərtləşməsi artıq tikinti şirkətlərini bu sahədən uzaqlaşdırır".
Ekspertin sözlərinə görə, torpaq qiymətinin artması, xüsusilə də çoxmənzilli yaşayış binalarının tikintisi üçün yararlı olan torpaqların az olması, qiymətlərin bahalığı, vətəndaşların evlərinin sökülüb yeni evləri verilənədək köçürülmə zamanı olan problemlər, icazələrin sərtləşdirilməsi şirkətləri bina tikməkdən "soyudub":
"Bu da təbii ki, əmlak bazarında mənzil çatışmazlığına gətirib çıxarır. Digər tərəfdən, qiymət artımları baş verir. Eyni zamanda, tikən şirkətləri rəqibləri olmadığına görə süni qiymət artımı yaradır. Fikrimcə, tikintiyə investisiyaların azalması 31 faizdən çoxdur.
Çünki tikintilərin böyük bir hissəsi xüsusilə azad olunmuş ərazilərdə aparılır. Əgər söhbət Bakıdan gedirsə, ölkənin ən böyük şəhəri, daşınmaz əmlaka ən çox tələbatın olduğu paytaxtda tikinti şirkətlərinin sayı kifayət qədər azdır.
Təbii ki, bu mənzil qiymətlərinin bahalığına, tikinti materiallarının istehsalını və satışını həyata keçirən iş adamlarının işlərinin çökməsinə gətirib çıxaracaq və çox sayda problemlərə yol açacaq".