Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi davam edir.
İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan millisinin heyətində bu gün İsa Əliyev körpücük üzərinə çıxıb.
O, yaşı 15-ə qədər olan atletlər arasında 73 kq çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 112 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropanın ən yaxşısı olub. İdmançı təkanla qaldırma hərəkətində 137 kq-ı ram edib və bu hərəkətdə gümüş medalına sahib çıxıb.
Toplam 249 kq (112+137) nəticə göstərən İsa Əliyev yekun sıralamada da bütün rəqiblərini qabaqlayıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının qatıldığı birincilik iyunun 23-dək davam edəcək.