"Özümə görə yox, azarkeşlərə və futbolçulara görə təəssüflənirəm” "Futbolçularıma təşəkkür edirəm. Sona kimi mübarizə apardılar, çox güc sərf etdilər. Xabi Alonsonu təbrik edirəm. Ona uğurlar arzulayıram”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqası 1/8 final mərhələsinin cavab oyununda səfərdə “Bayer”ə 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında deyib. Q. Qurbanov jurnalistlərin suallarını belə cavablandırıb: - Bu cür rəqiblərlə mübarizə aparmaq üçün Azərbaycan futbolunda nə çatmır? - Burada çox müzakirə etmək düzgün olmaz. Şansımız var idi. Bundan istifadə etmək istəyirdik. Belə oyunlarda sona qədər dözmək üçün bu mərhələlərə daha çox çıxmalıyıq. Bu cür rəqiblərə qarşı fiziki cəhətdən hazır olmalıyıq. Bizim klubun, Azərbaycan çempionatının yaşı çox azdır. Bizə turnirlərdə belə iştirak etmək lazımdır ki, bir neçə komandamız inamlı olsun. Bura kimi gəlmişiksə, çalışmalıyıq ki, əlimizə düşən şansdan maksimum istifadə edək. Görünür ki, üzərimizdə daha çox işləməliyik. Belə oyunlarda bir səhv və ya qırmızı vərəqə belə vəziyyətə gətirib çıxarır. Ümumən hər şeyə real baxmaq lazımdır. Bu gün bizim futbolun səviyyəsi ilə "Bayer" arasında fərq böyükdür. Buna baxmayaraq futbolçularımız rəqibdən çəkinmədilər. Bütün klublarımızın səviyyəsini daha da yaxşılaşdırmaq lazımdır. Bir yox, bir neçə komandamız bu turnirlərdə iştirak etsə, inam daha da çoxalacaq. Ətraflı - Uğurlu keçən bu mövsüm sizə və komandaya nə öyrətdi? - Böyük təcrübə oldu. Belə oyunlar həm mənə, həm futbolçulara, həm kluba böyük təcrübə verir. Bir daha böyük futbolun hansı səviyyədə olduğunu canlı görürük. Həm burda, həm Bakıda ilk qolu vurmaq bəs eləmədi. "Bayer" istənilən komandaya 2-3 qol vura bilər. Mənim üçün vacib olan futbolçuların bu sürəti, dinamikanı görməsidir. Bəzən futbolçuya təzyiq az olanda böyük futbol haqda düşünmür. Tək məşq etməklə hər şey həll olunmur. Düşünməliyik ki, biz harada, hansı şəraitdə məşq edirik. O qədər şeylər var ki. Bura səfər edəndə, "Bayer"in bazasında olanda çox şeyləri qeyd etdim. Bunları gələcəkdə bizdə də etməyə çalışacağıq. Bir daha gördüm ki, bu gün mənim düşündüklərim bəs etmir. Təcrübəmi, elmimi, biliyimi daha da artırmalıyam. - Heyətinizin bu səviyyədə oyunlar üçün kasad olduğunu düşünmürsüz? - Hər şeyə real baxmaq lazımdır. Bəlkə bundan bir az artığına gücümüz çatardı. Maksimum çalışırıq ki, iki heyət olsun. İki eyni səviyyədə heyəti saxlamaq heç də asan deyil. Hamı oynamaq istəyir. Amma eyni səviyyədə olan 14-15 futbolçu istənilən komandada olur. Bu, Avropada bəs edir. Amma bizə ola bilər ki, Avropa səviyyəsində bəs eləmir. Əlimizdə olan imkanlardan maksimum istifadə çalışırıq. Tək "Qarabağ" üçün yox, futbolumuz üçün görüləcək işlər çoxdur. - Bu oyundan sonra hansı hissləri keçirirsiniz? - Özümə görə yox, futbolçularıma, azarkeşlərimizə görə təəssüflənirəm. Həqiqətən çox inamlı idilər. Deyirdilər ki, məğlub olsaz belə, yanınızdayıq. Bundan böyük dəstək ola bilməz. Azərbaycanda futbolu sevirlər. Onları qaçırmaq lazım deyil. Əksinə, onları stadionlara cəlb etmək lazımdır. Bu gün məğlub olsaq da, onları güvən verə bilmişik. Bundan əl çəkməli deyilik. Hamımız istəyərdik ki, fərqli olsun. Amma bunlar hamısı futbolun qaçılmaz epizodlarıdır. İnanıram ki, bu cür səhvlər bizi daha da böyüdəcək. Bu gün klub olaraq büdcədə, texniki heyətdə zəif ola bilərik. Amma bizim birliyimiz, inamımız varsa, belə böyük komandalara qarşı mübarizə apara biləcəyik, aparacağıq da.