İlk dəfə 2003-cü ildə Prezident seçilən İlham Əliyev andiçmə mərasimində nitqinə belə başlamışdı:
“Hörmətli xanımlar və cənablar! Hörmətli qonaqlar! Azərbaycan Respublikasının Prezidenti seçilməyimlə mənə göstərilmiş bu böyük etimada görə Azərbaycan seçicilərinə, Azərbaycan vətəndaşlarına, bütün Azərbaycan xalqına öz dərin təşəkkürümü bildirirəm. Mən bu böyük etimadı doğruldacağam, bu vəzifənin öhdəsindən layiqincə gələcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”.
Ümummilli lider Heydər Əliyevin də apardığı siyasətin əsas prioriteti Azərbaycanın ərazi bütövlüyü idi. Bu, İlham Əliyevə ata vəsiyyəti olaraq qalmışdı.
Dövlət başçısının 21 il əvvəl inauqurasiya mərasimində bu Qarabağ məsələsi ilə bağlı dediklərini xatırlayaq:
“Bu Azərbaycan üçün ən ağır problemdir. Uzun illərdir ki, biz atəşkəs rejimində yaşayırıq. Təəssüflər olsun ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələlik heç bir nəticə vermir. Biz hələ də ümidlərimizi itirmirik. Hələ də ümid edirik ki, həmsədrlər bu məsələ ilə daha ciddi şəkildə, məsuliyyətlə məşğul olacaqlar. Bu məsələ öz həllini tapmalıdır. Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.
İlham Əliyev ilk prezidentlik dönəmində, andiçmə mərasimində xalq verdiyi sözü yerinə yetirdi. Əslində, bu, bir çoxu üçün gözlənilməz idi. Hətta içimizdən bəziləri artıq Qarabağ məsələsinin həllinə belə inanmırdı. Amma Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz bunu 44 gün ərzində reallığa çevrildi.
İl 2008. Məkan Heydər Əliyev sarayı. Dövlət başçısı inauqurasiya mərasimində məcburi köçkünlərdən danışır:
“Beş il bundan əvvəl mən Azərbaycan xalqına söz vermişdim ki, 5 il ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmayacaq və çox şadam ki, biz buna nəinki 5 il, hətta 4 il müddətində nail ola bilmişik. Məcburi köçkünlərin yaşayış vəziyyətinin yaxşılaşdırılması və məşğulluğun artırılmasına dair 2004-cü ildə qəbul edilmiş Dövlət proqramının icrası çox uğurla aparılır və bu müddət ərzində 12 çadır şəhərciyi ləğv edilibdir. Onların əvəzinə müasir binalar, evlər, məktəblər, tibb məntəqələri tikilibdir”.
Təsəvvür edirsiniz? Biz 16 il əvvəl çadır şəhərciklərinin ləğvindən, məcburi köçkünlər üçün tikilən binalardan danışırdıq. İndi isə deyirik ki, 5 il sonra Qarabağdan kənarda artıq keçmiş məcburi köçkün qalmayacaq. İndi Böyük Qayıdışdan danışırıq!
İl 2013. İlham Əliyev növbəti dəfə xalqın etimadını qazanır. Andiçmə mərasimində dövlət başçısı apardığı xarici siyasətdən də söz açır. Məqama diqqət edək:
“Azərbaycan bundan sonra da prinsipial mövqe nümayiş etdirəcək və üzv olduğumuz təşkilatlarda, beynəlxalq təşkilatlarda öz mövqeyimizi müdafiə edəcəyik. Əməkdaşlıq etdiyimiz təşkilatlarla münasibətləri bundan sonra da ancaq bərabərhüquqlu, bir-birinin işinə qarışmamaq və qarşılıqlı hörmət əsasında quracağıq. Çalışacağıq ki, dünyada dostlarımızın sayı çoxalsın və bu məqsədlərə nail olmaq üçün iqtisadi amillərdən də istifadə etməliyik”.
Azərbaycanın hazırda beynəlxalq aləmdə nüfuzunun birə-beş artdığını deməyə yəqin ki, ehtiyac yoxdur. Amma onu xüsusi vurğulamalıyıq ki, dövlət baba prinsipial mövqeyini hər çətinliyə, təzyiqə baxmayaraq qoruyur.
Məsələn, təkcə ötənlərdə Laçın sərhədinə humanitar yük adı altında gələn TIR-ları, Fransız təxribatını xatırlatmaq yetərlidir. Elə bu məqamda dövlət başçısının Bakıya özbaşına gələn, heç bir işə yaramayan ATƏT-in Minsk qrupunun üzvlərinə dediyi sözləri də xatırlamaq yerinə düşər:
“Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm”.
2018-ci ildə Xalq növbəti dəfə İlham Əliyevə öz inamını seçki qutusunda göstərir. Parlamentdəki andiçmə mərasimində prezidentin çıxışında bir xüsusi məqam diqqətdən qaça bilməz.
“Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü. Son 15 il ərzində ordu quruculuğu prosesi sürətlə getmişdir. Bəzi hallarda bizi tənqid edirdilər ki, siz nəyə görə bu məsələlərə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından ordumuz güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa, biz onu da təmin edirik. Ən müasir silahlar alınır və bundan sonra da alınacaq”.
Prezidentin dediyi ən müasir silahları və onun faydalarını biz iki il sonra - 2020-ci ildə Vətən müharibəsində “Harop”la “Bayraktar”ın ifasında gördük. Biz məhz bu silahlar sayəsində itkilərimizin sayını minimuma endirməyi bacardıq. Bu, əslində Azərbaycan Prezidentinin öz insanına verdiyi dəyərin göstəricisi idi.
Növbəti dəfə xalqın böyük etimadını qazanan İlham Əliyev andiçmə mərasiminə Xankəndidə səs verərək gəlmişdi. Bu dəfə o, ərazi bütövlüyü tam təmin olunan ölkənin Prezidenti kimi çıxış edirdi.
Dövlət başçısının təkcə bu üç sitatı nəyə desən, hər şeyə cavabdır:
“Xankəndidə verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.
“Mən Azərbaycan üçün hər hansı bir təhlükə, təhdid görmürəm. Ancaq nə üçün görmürəm, çünki bilirlər ki, bizim cavabımız amansız olacaq, sarsıdıcı olacaq və heç nəyə baxmadan o cavab veriləcək”.
“Biz heç kimdən heç nə xahiş etmirik. Mən 20 ildən çoxdur ki, prezidentəm, bu günə qədər heç kimdən heç nə xahiş etməmişəm, çünki buna ehtiyac da olmayıb. Biz özümüzü tam təmin edən ölkəyik”.
Vəssalam! Nə söz vermişdisə, hamısını tutdu, vədinə əməl etdi. Əsl Prezident sözü...