Təhsil hər bir dövlətin inkişafının, cəmiyyətin tərəqqisinin və gələcəyinin ən möhkəm təməlidir. Uşaqların savadlı, vətənpərvər və müasir dünyagörüşünə malik şəxsiyyət kimi formalaşması məhz keyfiyyətli təhsildən başlayır. Bu baxımdan Azərbaycan dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı ölkənin gələcək inkişaf strategiyasının əsas istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsilin inkişafını daim prioritet məsələ kimi qiymətləndirərək qeyd edib: "Elə etməliyik ki, bütün uşaqlar savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaş olsunlar. Ona görə təhsilin keyfiyyəti indi ön plana çıxır." Bu fikir dövlətimizin təhsil siyasətinin əsas məqsədini və istiqamətini aydın şəkildə ifadə edir.
Mütəxəssislərin və aparılan araşdırmaların nəticələri göstərir ki, keyfiyyətli təhsilin əsası məhz məktəbəqədər təhsil mərhələsində qoyulur. Bu səbəbdən son illərdə məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Əgər 2013-cü ildə məktəbəqədər təhsilə cəlb olunma səviyyəsi cəmi 24 faiz idisə, sonrakı illərdə həyata keçirilən dövlət proqramları, eləcə də beynəlxalq tərəfdaşların dəstəyi ilə bu göstəricinin əhəmiyyətli dərəcədə yüksəlməsinə nail olunmuşdur. Məqsəd isə bütün 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb edilməsidir.
Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihələr, həmçinin beynəlxalq təşkilatlarla əməkdaşlıq nəticəsində məktəbəqədər təhsilin əlçatanlığı və keyfiyyəti daha da artırılmışdır. Bu istiqamətdə görülən işlər gələcəyin savadlı və bacarıqlı nəslinin yetişdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsil sisteminin digər sahələrində də mühüm islahatlar həyata keçirilmişdir. Elm və təhsilin inteqrasiyası, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, müəllim nüfuzunun yüksəldilməsi, müəllimlərin peşəkarlığının artırılması, müasir qiymətləndirmə mexanizmlərinin tətbiqi, peşə təhsilinin inkişafı, inklüziv təhsilin genişləndirilməsi və istedadlı uşaqlarla sistemli iş bu islahatların əsas istiqamətlərini təşkil edir. Bu yeniliklər təhsil sisteminin müasir çağırışlara uyğun inkişafına və ölkənin insan kapitalının gücləndirilməsinə xidmət edir.
Güclü dövlətin əsasında savadlı vətəndaş dayanır. Bu gün təhsilə qoyulan hər bir sərmayə sabah Azərbaycanın daha güclü, daha inkişaf etmiş və rəqabətqabiliyyətli ölkə kimi formalaşmasına xidmət edir. Çünki təhsil yalnız bilik deyil, həm də milli dəyərlərə bağlı, məsuliyyətli və layiqli vətəndaş yetişdirən ən mühüm amildir.
Səbinə Qasımova
271 nömrəli tam orta məktəbin direktoru