Dəmir yumruq » Köşə » Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Köşə / Bugün, 09:45

Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

 

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
 
Struktur və idarəetmənin təkmilləşdirilməsi
 
Hərbi texnologiyaların sürətli inkişafı, müasir döyüş əməliyyatlarının ənənəvi prinsip və yanaşmalardan uzaq olması silahlı qüvvələrin idarəetmə sisteminin daha çevik və dayanıqlı qurulmasını zəruri edir. Bu çərçivədə komanda-idarəetmə zəncirinin effektiv idarəetmə modeli yalnız sərt şaquli tabeçilik prinsipi üzərində deyil, taktiki səviyyəli komandirlərə sərbəst qərar qəbuletmə səlahiyyətlərinin verilməsi (ötürülməsi) üzərində qurulmalıdır. Bu səbəbdən aparılan islahatların nəticəsində əldə olunacaq müasir komanda zəncirinin əsas məqsədi əmrlərin sadəcə yuxarıdan aşağı ötürülməsi deyil, ümumi məqsədin bütün səviyyələrdə düzgün anlaşılması, bölmələrin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, dəyişən əməliyat şəraitində situativ qərarvermə bacarıqlarının önə gətirilməsidir.
 
Rəqəmsallaşma və süni intellektin tətbiqi
 
"Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"na uyğun olaraq Azərbaycan Ordusunda süni intellekt texnologiyalarının tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
 
Süni intellekt həllərinin idarəetmə, planlaşdırma, qərar qəbuletmə, məlumatların emalı, hərbi təhsil və elmi fəaliyyətə inteqrasiyası ordunun rəqəmsal transformasiyasını sürətləndirməyə, idarəetmənin operativliyini artırmağa və resurslardan daha səmərəli istifadəni təmin etməyə xidmət edir. Bu kontekstdə rəqəmsal ordu konsepsiyası çərçivəsində komandanlıq və idarəetmə sisteminin, təminat, logistika, şəxsi heyət, eyni zamanda, ordunun digər istiqamətlər fəaliyyətlərinin rəqəmsallaşması istiqamətində müntəzəm tədbirlər görülməkdədir.
 
Peşəkar hərbi təhsil sisteminin yeni reallıqlara uyğunlaşdırılması
 
44 günlük Vətən müharibəsində əldə olunan zəngin döyüş təcrübəsi, müasir təhlükəsizlik mühitinin dinamikası və Azərbaycan Ordusunun strateji, əməliyyat və taktiki səviyyələrdə inkişaf prioritetləri nəzərə alınaraq peşəkar hərbi təhsil sistemində fundamental transformasiya həyata keçirilib, nəticəyönümlü, çevik və çoxdomenli əməliyyat mühitinin çağırışlarına cavab verən yeni hərbi təhsil modeli formalaşdırılıb.
 
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında təsis olunmuş hərbi kolleclər peşəkar gizir (miçman) heyətinin hazırlanmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.
 
Hərbi təhsil alan gənclərin sosial müdafiəsinin və motivasiya mexanizmlərinin gücləndirilməsi baxımından bu Fərmanın əhəmiyyəti - yeni yanaşma kursantların sosial təminatını, ailələrinə göstərilən dövlət dəstəyini və gələcək xidmət dövrü üçün təminat imkanlarını əhatə etməklə hərbi təhsilin cəlbediciliyini artırıb, gənclərin hərbi peşəyə marağını gücləndirib və Azərbaycan Ordusunun uzunmüddətli peşəkar kadr ehtiyatının formalaşdırılmasına əlavə stimul yaradıb.
 
Peşəkar hərbi təhsil sistemində həyata keçirilən islahatlar Azərbaycan Ordusunda “tapşırıq əsaslı idarəetmə” fəlsəfəsinə mərhələli keçidin təmin edilməsinə yönəldilib. Bu yanaşma komandirlərin təşəbbüskarlığını, məsuliyyətini və müstəqil qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməklə, sürətlə dəyişən əməliyyat şəraitində bölmələrin daha çevik və effektiv idarəolunmasını təmin edib.
 
Yeni model çərçivəsində xidmət müddətində potensialı ilə seçilən hərbi qulluqçuların peşəkar gizir hazırlığı, ali təhsilli hərbi qulluqçular üçün isə yenilənmiş zabit hazırlığı kurslarına cəlb edilməklə orduda xidmət imkanları yaradılıb.
 
Azərbaycan Ordusunda həyata keçirilən innovativ layihələrdən biri olan İntellektual qabiliyyətli bölmələr ali təhsilli, yüksək akademik göstəricilərə və müasir texnoloji biliklərə malik çağırışçıların potensialından dövlət və ordu maraqları naminə səmərəli istifadə edilməsinə xidmət edir.
 
İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, kompüter elmləri və digər prioritet sahələr üzrə bilik və bacarıqlara malik gənclər xidmət müddətində öz peşə potensialını Azərbaycan Ordusunun inkişafına yönəltmək imkanı əldə edirlər.
 
Layihə yüksək intellektual potensiala malik gənclərin hərbi xidmətə marağını artırır, onların bilik və bacarıqlarının dövlət maraqları naminə səmərəli istifadəsini təmin edir.
 
Peşəkar hərbi təhsilə qəbul prosesində şəffaflığın, əlçatanlığın və operativliyin artırılması məqsədilə qəbul sistemi tam elektronlaşdırılıb. Rəqəmsal platforma namizədlər üçün müraciət prosesini əhəmiyyətli dərəcədə sadələşdirib, qəbul prosedurlarını optimallaşdırıb və vətəndaş məmnuniyyətinin yüksəldilməsinə şərait yaradıb.
 
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul prosesinin asanlaşdırılması və elektronlaşdırılması xidmətə cəlbediciliyi artırıb.
 
Həyata keçirilən islahatlar nəticəsində son illərdə hərbi təhsil müəssisələrinə müraciət edənlərin sayı üç dəfədən çox artıb, bu isə seçim imkanlarını genişləndirərək daha yüksək akademik göstəricilərə malik namizədlərin cəlb edilməsinə imkan verir.
 
Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi
 
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışlarının keyfiyyətinin daha yüksəldilməsi üçün müvafiq normativ sənədlərdə dəyişikliklər edilib.
 
Pilotsuz uçuş aparatları, süni intellekt, rəqəmsal idarəetmə və yüksək texnologiyaların döyüş əməliyyatlarında artan rolu bu istiqamətdə səfərbərlik ehtiyatlarının hazırlanmasına da yeni yanaşmanın tətbiqini zəruri edir. Bu məqsədlə səfərbərlik hazırlığında ehtiyat şəxsi heyətin bilik, bacarıq və səriştəsinə əsaslanan yeni model tətbiq olunmaqdadır. Belə ki, müasir texnologiyalarla işləmək qabiliyyətinə malik vətəndaşların müəyyənləşdirilməsi, onların ixtisaslaşmış hazırlıq proqramlarına cəlb edilməsi və əldə etdikləri bacarıqların qiymətləndirilməsi daha hazırlıqlı və çevik səfərbərlik ehtiyatının formalaşdırılmasına xidmət edir. Perspektivdə bu modelin pilotsuz sistemlər, radioelektron mübarizə, kibertəhlükəsizlik və digər yüksək texnologiyalı fəaliyyət istiqamətlərini də əhatə etməsi nəzərdə tutulur.
 
Keçirilən təlim toplanışlar zamanı müasir döyüş təcrübəsi nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, praktiki vərdişlərinin möhkəmləndirməsi, yeni silah, texnika və taktikalardan istifadə qaydalarının mənimsənilməsi istiqamətində planlı şəkildə təlimlər həyata keçirilir.
 
Psixoloji təminat sisteminin konseptual inkişafı
 
2024–2026-cı illərdə Azərbaycan Ordusunda psixoloji təminat sahəsində həyata keçirilən islahatlar, bu sahədə yeni konseptual yanaşmanın tətbiqi nəticəsində psixoloji təminat sistemi təkmilləşdirilib, ixtisaslı psixoloq kadrlarının hazırlanması və xidmətə cəlb olunması prioritet istiqamət kimi müəyyən edilib.
 
Hərbi psixoloqların sayı qısa müddət ərzində 5 dəfəyədək artıb.
 
Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə ixtisasartırma proqramları çərçivəsində müasir psixoterapevtik yanaşmalar üzrə təlimlər keçirilib, psixoloqların peşəkar hazırlıq səviyyəsi beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir.
 
Psixoloji Təminat İdarəsi yaradılıb, zabit və gizirlərin ailə üzvlərinin psixoloji rifahının gücləndirilməsi üçün Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətinə start verilib.
 
Ümumilikdə həyata keçirilən tədbirlər nəticəsində orduda psixoloji təminat sisteminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, döyüş hazırlığının psixoloji komponentinin daha da möhkəmləndirilməsi istiqamətində mühüm nəticələr əldə olunub.
 
Müdafiə sənayesinin inkişafının dəstəklənməsi
 
Dövlət və özəl müdafiə sənayesi şirkətlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm işlər görülüb.
 
Azərbaycanda ilk dəfə olaraq reaktiv mərmili atəş yığımları, NATO stantdartlara uyğun atıcı silahlar, müasir gecəgörmə və termal kameralı optik cihazlar, uzun, orta və yaxınmənzilli zərbə tipli pilotsuz uçuş aparatları və dolanan döyüş sursatları, müxtəlif növ kəşfiyyat vasitələri və digər hərbi təyinatlı məhsulların istehsalı üzrə müvafiq işlər həyata keçirilib və bir sıra məhsulların seriyalı istehsalı mənimsənilib.
 
Bütün bunlar bu gün də Azərbaycan Ordusunun gücünün artmasını, regionda ən güclü ordular sırasına daxil olmasını, müasir standartlar səviyyəsində qurulmasını şərtləndirib. Bu isə Azərbaycan Ordusunun istənilən vəzifəni yerinə yetirməyə hazır olduğunu göstərir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.