Naxçıvanda narkotik vasitələrin satışı ilə məşğul olan dörd nəfər saxlanılıb
Naxçıvan Muxtar Respublikasında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan şəhəri ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən dörd nəfər şəhər polis idarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Araşdırmalarla məlum olub ki, 1993-cü il təvəllüdlü, Naxçıvan şəhər sakini David Abdullayev idarə etdiyi “Naz Lifan” markalı avtomobili ilə əvvəlcədən tanıdığı İran vətəndaşı Rza Dadrasacirlou Ali oğlundan pul müqabilində metamfetamin maddələri əldə edərək dövriyyəsini təşkil edib. Davam etdirilən tədbirlərlə, onlarla cinayət əlaqəsində olan 1993-cü il təvəllüdlü, Babək rayon sakini Turqut Fətullayev və 1994-cü il təvəllüdlü Kəngərli rayon sakini Nicat Tarverdiyev müəyyən olunaraq saxlanılıblar. Onlardan satış üçün nəzərdə tutulan müxtəlif çəkilərdə qablaşdırılmış metamfetamin və iki preqabalin aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.