Binəqədidə narkotik satan şəxslər İrandakı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər VİDEO
Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis şöbəsinin əməkdaşları rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən iki nəfər - Fariz Mehdiyev və Əflatun Nəsrullayevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərdə ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı 4-cü polis şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.