Nehrəmdə həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndi ərazisində 2005-ci il təvəllüdlü Tuncay Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, araşdırma zamanı zərərçəkmişin 2005-ci il təvəllüdlü həmkəndlisi Rəhman Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Babək Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Rəhman Süleymanov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.