Nəsimi rayonunda qadının çantası soyğunçuluq yolu ilə talanıb
Nəsimi rayonu ərazisində qadının içərisində sənədləri və bank kartları olan çantasının soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində soyğunçuluq əməlində şübhəli bilinən Ağcabədi rayon sakini Elgün Hüseynov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində quldurluq və soyğunçuluq yolu ilə daha iki nəfərin mobil telefonunu və cüzdanını talaması, bir çay evindən və uşaq bağçasından televizor, tikiş maşını, “VAZ-2104” markalı bir avtomobildən isə pul, maqnitofon və sənədlər oğurlaması da müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.