İnternet portalının rəhbəri altı il müddətinə azadlıqdan məhrum edilib
Kanals.az” internet portalının təsisçisi və rəhbəri işləmiş Ələkbərov Sənan Məmməd oğlu altı il müddətinə azadlıqdan məhrum edilib.
“Report” xəbər verir ki, bu barədə hökm Şəki Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Belə ki, S.Ələkbərovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq zərərçəkmiş şəxslərin barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə təkrarən hədə-qorxu gəlib xeyli miqdarda pullarını hədə-qorxu ilə tələb etməsi barədə Yevlax Rayon Prokurorluğuna məlumat daxil olub.
Məlumat əsasında 2022-ci il fevralın 22-də Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələbetmə) maddəsi ilə cinayət işi başlanaraq Yevlax Rayon Polis Şöbəsinin İstintaq bölməsinə göndərilib.
Aparılan istintaqla müəyyən edilib ki, S.Ələkbərov G.Süleymanovanın rüsvayedici fotoşəkillərini özünə məxsus olan “Kanals.az” saytında və eyniadlı “YouTube” səhifəsində yayacağı və onu işindən çıxartdıracağı barədə hədə-qorxu gəlib. O, həmin məqsədlə 2021-ci ilin dekabr ayının ortalarında G.Süleymanovanın 1 000 (bir min) manat məbləğində pulunu qəsdən hədə-qorxu ilə tələb edib.
Bundan başqa, S.Ələkbərov tanışı, 29 sentyabr 1981-ci ildə Ağdam rayonunda doğulmuş Rüstəmov Teymur Hüseyn oğlu ilə əlbir olaraq Yevlax şəhəri, H.Əliyev prospekti 62-də yerləşən “Zeytun 9 Yevlax” aptekinin satıcısı Misirxanova Esmira Elxan qızının əmlakını ələ keçirməyə cəhd edib.
Bu məqsədilə 06 fevral 2021-ci il tarixdə günorta saatlarında qadının satıcı işlədiyi həmin aptekə gələrək əlində olan “Samsung” markalı mobil telefonun videokamerası ilə gizli çəkiliş aparıb.
O, E.Misirxanovadan “Amaril 400” adlanan dərman vasitəsini pul ilə aldıqdan sonra çəkdiyi videogörüntüləri T.Rüstəmovun mobil telefonuna “WhatsApp” vasitəsilə göndərib. T.Rüstəmov 07 fevral 2022-ci il tarixdə saat 16 radələrində E.Misirxanovanın işlədiyi “Zeytun 9” aptekinə gəlib. Qadının aptekdə satılması qadağan edilmiş dərman vasitələrinin satışı ilə məşğul olduğunu deyərək hədə-qorxu ilə ondan 5 000 manat tələb edib.
Bundan başqa, S.Ələkbərov Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəliyində baş məsləhətçi vəzifəsində işləyən Məmmədov Rafiq Yaqub oğlunun xeyli miqdarda pulunu ələ keçirmək məqsədilə özünə məxsus “Kanals.az” “YouTube” səhifəsində “mədəniyyətsiz mədəniyyət işçiləri” adı ilə yayımladığı R.Məmmədovla aralarında baş vermiş mobil telefon danışığının səsyazısı ilə bağlı şantaj edib. O, həmin görüntülərin özünə məxsus “Kanals.az” “YouTube” səhifəsindən silinməsi, R.Məmmədov barəsində Mədəniyyət Nazirliyinə müsbət fikirlər bildirməklə onun işdən çıxarılmasının qarşısını almaq üçün 2022-ci ilin fevral ayının ortalarında baş məsləhətçidən 15 000 manat pulu hədə-qorxu ilə tələb edib.
S.Ələkbərovun barəsində Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2, 182.2.4-cü; T.Rüstəmovun barəsində isə 182.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ələkbərov altı, T.Rüstəmov isə beş il müddətinə azadlıqdan məhrum ediliblər.