Bakıda hərbi xidmətdəki oğlu ilə telefonla danışan qadını keçmiş əri öldürdü - TƏFƏRRÜAT
Bakının Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın keçmiş həyat yoldaşı 1976-cı il təvəllüdlü İlqar Qəribov tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə öldürülməsinin təfərrüatı məlum olub.
Axar.az-ın əldə etdiyi məlumata görə, İlqar Qəribov qətlə yetirdiyi Raminə Qəribovanın bibisi oğludur.
Keçmiş ər-arvad arasında mübahisənin pul üstündə düşdüyü bildirilib. İ.Qəribov keçmiş həyat yoldaşının ev alacağını eşidib və bir neçə gün onu izləyib. R.Qəribova bir müddət təhdid olunsa da, bu barədə heç kimə məlumat verməyib.
Məlumata görə, İlqar Raminə ilə barışmaq üçün bir neçə dəfə cəhd də edib, qadın bunun pula görə olduğunu düşünərək, keçmiş ərinin təklifini qəbul etməyib.
Qətldən bir gün əvvəl İlqar qızından Raminənin ev alacağını eşidib. Evə baxmaq üçün iş yoldaşı ilə birgə işdən tez çıxıb. Qadın hərbi xidmətdə olan oğlu ilə telefonda danışarkən yolda İlqar onun qarşısını kəsib. Qısa dialoqdan sonra oğlu telefonda eşidə-eşidə İlqar Raminəyə 14 bıçaq zərbəsi endirib. Öldüyündən əmin olana kimi başının üstündə dayanıb. Yanındakı iş yoldaşı mane olmağa çalışsa da, onu da bıçaqla hədələyib. İlqar kənar şəxslərin də müdaxiləsinə imkan verməyib.
Qeyd edək ki, onların birgə nikahdan 1 oğlu və 1 qız övladı var. Oğlan hazırda hərbi xidmətdədir.