






Sumqayıtda yerləşən "Esmanur" Tədris-İnkişaf Mərkəzinin "Ləma" uşaq bağçasında keçirilən iclasda kollektivin birliyi və inkişaf hədəfləri ön plana çəkilib
24 aprel 2026-cı il tarixində "Esmanur" Tədris-İnkişaf Mərkəzinin Sumqayıtda fəaliyyət göstərən "Ləma" uşaq bağçasında kollektivin və valideynlərin iştirakı ilə iclas keçirilib. İclasda bağçanın fəaliyyəti, kollektiv daxilində baş vermiş son hadisələr və gələcək inkişaf istiqamətləri geniş müzakirə olunub.
Toplantı zamanı bağçanın metodisti Pərvanə Aydın qızı Ağayevanın əvvəlki gün baş vermiş çıxışı ilə bağlı məsələlərə toxunulub. Çıxış edənlər tərəfindən qeyd edilib ki, həmin hadisələr həm kollektiv, həm də valideynlər arasında müəyyən anlaşılmazlıqlara səbəb olub.
Bağçanın direktoru İlahə Xudu qızı Əliyeva öz çıxışında baş vermiş hadisələrə emosional yanaşmaqdan uzaq durmağın, hər zaman konstruktiv və inkişafyönümlü mövqe sərgiləməyin vacibliyini vurğulayıb. Direktor bildirib ki, müəssisənin əsas məqsədi valideyn etimadını qorumaq, tədrisin keyfiyyətini davamlı olaraq artırmaq və yeni layihələr vasitəsilə xidmət səviyyəsini daha da yüksəltməkdir.
Direktor müavini Anar Nağıyev isə çıxışında uzun illər iş təcrübəsinə malik olan metodistin ictimai rəyi manipulyasiya etmək və kollektiv daxili gərginlik yaratmaq cəhdlərini, həmçinin bağça daxili nizam-intizam qaydalarını pozan hərəkətlərini xəbərdarlıq kimi qeyd edib. Bununla belə, o, metodistin ümumi fəaliyyətini nəzərə alaraq, onun yenidən işə bərpası ilə bağlı kollektiv adından rəhbərliyə müraciət ünvanlayıb. Bu təklif kollektiv tərəfindən dəstəklənib və müvafiq ərizənin imzalanaraq rəhbərliyə təqdim olunması qərara alınıb.
İclasda həmçinin şəffaflığın artırılması məqsədilə hər həftə bağçada valideynlər və ictimaiyyət nümayəndələri üçün "Açıq qapı" saatlarının keçirilməsi qərara alınıb və məsul şəxslərə xidmətin yüksək səviyyədə təşkili tapşırılıb.
Sonda kollektiv üzvləri gələcək fəaliyyətlərində daha sıx birlik nümayiş etdirəcəklərini, yaranmış məsələləri sağlam mühitdə həll edəcəklərini və təhsilin keyfiyyətini artırmaq üçün birgə çalışacaqlarını bildiriblər. Qeyd olunub ki, bu növ halların təkrarlanmaması üçün qarşılıqlı hörmət və peşəkar yanaşma müəssisənin əsas prioriteti olacaqdır.