




Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bu gün Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Abşeron, Zəngilan və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Demiryumruq.az xəbər verir ki, qəbuldan öncə sədr Zaur Mikayılov və Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Müraciətlər əsasən içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması, suvarma suyuna olan təlabatın ödənilməsi, işə qəbul və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.