Dəmir yumruq » Hadisə » Bu şəxslər peşə tanınması üzrə imtahan verdi
Hadisə / Bugün, 12:34

Bu şəxslər peşə tanınması üzrə imtahan verdi

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 17-də müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib.
 
Bu barədə DİM-dən məlumat verilib.
 
Bildirilib ki, imtahanda iştirak etmək üçün ərizələrin qəbulu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən aparılıb.
 
DİM-in elektron imtahanlar korpusunda təşkil olunan imtahan saat 11:00-da başlanıb və 1 saat davam edib.
 
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 181 nəfərdən 35 nəfər imtahana gəlməyib. İmtahanda 18 nəfər müvəffəqiyyət əldə edib. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin DİM-in saytında yerləşdiriləcək.
 
Qeyd edək ki, imtahanda iştirakçılara 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilir. Ərizəçinin imtahanda müvəffəqiyyət qazanması üçün 15 və ya daha yuxarı bal toplaması tələb olunur.
 
İmtahanın məzmunu ilə bağlı Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 18 - 19 mart tarixlərində saat 14:00-dan 16:00-dək DİM-də (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299) ərizə yazmalıdırlar. Ərizəyə ali təhsil haqqında diploma əlavənin (transkriptin) surəti də əlavə edilməlidir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.