Türkiyənin Istanbul şəhərində məktəbin qarşısında baş verən qadın qətli cəmiyyətdə böyük rezonans doğurub.
Demiryumruq.az xəbər verir ki, 33 yaşlı Semiha Deniz ayrı yaşadığı həyat yoldaşı Emrah Deniz tərəfindən başından güllələnərək qətlə yetirilib.
Hadisə İstanbulun Fatih rayonunda günorta saatlarında baş verib. Məlumata görə, iki uşaq anası olan Semiha Deniz 14 yaşlı qızını məktəbdən götürmək üçün məktəbin qarşısına gəlib. Bu zaman Emrah Deniz tərəfindən silahlı hücuma məruz qalıb.
Ağır yaralanan qadın təcili yardım maşını ilə xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
İlkin araşdırmalara görə, Emrah Deniz hadisə günü məhkəmə iclasından çıxdıqdan sonra atasının evinə gedərək sənədsiz silah götürüb. Daha sonra həyat yoldaşının qızını götürmək üçün gələcəyini bildiyi məktəbin qarşısına gəlib və hücumu həyata keçirib.
Hadisənin şahidi olan bir qadın bildirib ki, hücum edən şəxs motosikletdən düşərək qadına üç dəfə atəş açıb. Güllələrdən biri birbaşa qadının başına dəyib və o, hadisə yerində yerə yıxılıb. Şahid hücumdan sonra şübhəlinin motosikletə minib qaçdığını da qeyd edib.
Polis tərəfindən saxlanılan Emrah Deniz isə ifadəsində qətli törətmək niyyətində olmadığını iddia edib. O bildirib ki, silahı həyat yoldaşını qorxutmaq üçün ona tuşlayıb.
“Silahı qorxutmaq üçün başına tuşladım. Silahın dayaq qolunun çəkildiyini unutmuşdum. Onu itələdiyim zaman qəfildən partladı”, – deyə şübhəli ifadəsində bildirib.
Hadisə ilə bağlı istintaq davam edir.

