

30 yanvar 2026-cı il tarixində 92 saylı Göyçay–Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev seçki dairəsi ərazisinə növbəti səfərini həyata keçirib. Səfər çərçivəsində deputat Ağdaş və Göyçay rayonlarında bir sıra görüşlər keçirib, həmçinin 02 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təşkil olunan tədbirlərdə iştirak edib..
Səfər çərçivəsində ilk olaraq Ağdaş rayonunun Qulbəndə kəndinə baş çəkilib. Kənd sakinlərinin və Qulbəndə kənd “Cümə” məscidinin dini icmasının rəsmi müraciəti əsasında məscidin əsaslı təmiri ilə bağlı məsələ yerində araşdırılıb. Deputat məsciddə baxış keçirib, mövcud vəziyyətlə tanış olub və aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin aparılmasının vacibliyini qeyd edib. Daha sonra Qulbəndə kənd ictimaiyyəti ilə görüş keçirilib, sakinlərin fikir və təklifləri dinlənilib.
Görüş zamanı Məzahir Əfəndiyev çıxış edərək Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu dini siyasətdən bəhs edib. O bildirib ki, ölkəmizdə dövlət-din münasibətləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında qurulub, dini abidələrin qorunması və bərpası dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Deputat vurğulayıb ki, müxtəlif dini icmaların sülh və həmrəylik şəraitində fəaliyyət göstərməsi Azərbaycanın multikultural dəyərlərinin bariz nümunəsidir.
Daha sonra deputat Göyçay rayonunun Ərəbcəbirli kənd məscidini ziyarət edib, Mirzəhüseynli və Ərəbcəbirli kəndlərinin dini icmaları ilə görüş keçirib. Görüş zamanı ölkədə dini etiqad azadlığının təmin olunması, dini icmaların fəaliyyətinə göstərilən dövlət dəstəyi və mövcud tolerant mühit barədə ətraflı məlumat verilib. Məzahir Əfəndiyev qeyd edib ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, burada müxtəlif dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bu mühitin qorunması hər bir vətəndaşın üzərinə məsuliyyət qoyur.
Səfər çərçivəsində Göyçay rayon Heydər Əliyev Mərkəzində vətəndaş qəbulu da keçirilib. Qəbul zamanı vətəndaşların əsasən sosial təminat və səhiyyə sahələri ilə bağlı müraciətləri dinlənilib. Deputat daxil olan müraciətlərin qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılacağını və aidiyyəti qurumlar qarşısında qaldırılacağını bildirib. Qəbul zamanı vətəndaşların problemlərinin həlli istiqamətində konkret addımların atılacağı qeyd olunub.
Səfərin sonunda Məzahir Əfəndiyev Göyçay rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional İdarəsinin təşkilatçılığı ilə 02 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən “Forum 30” tədbirində iştirak edib. Tədbirdə çıxış edən deputat Azərbaycanın gənclər siyasətinin formalaşma tarixi, Ümummilli Lider Heydər Əliyevin bu sahəyə göstərdiyi xüsusi diqqət və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi barədə geniş məlumat verib. O, gənclərin ölkənin gələcək davamlı inkişafında rolunu vurğulayaraq, onların fəal, bilikli və vətənpərvər ruhda yetişməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib.
Tədbir rəsmi hissədən sonra konsert proqramı ilə davam edib və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.