Qətərdə keçirilən futbol üzrə dünya çempionatı Argentinada təhlükəli “dekabr sosial şoku”nu nizamlayır
Dekabr ayı Argentinada adətən mürəkkəb ay hesab edilir. İlin sonunda əhalinin ən yoxsul təbəqələrinin narazılığı artır, küçələrdə etiraz nümayişləri keçirilir, həmkarlar ittifaqları inflyasiyanı kompensasiya etmək üçün əməkhaqqının və mükafatların artırılmasını tələb edir.
AZƏRTAC xəbər verir ki, 2022-ci il Argentina hökuməti üçün xüsusilə mürəkkəb olub: proqnozlara görə, dekabr ayının sonunda inflyasiya 100 faizə yaxın olacaq, hazırda Argentinanın hər 10 sakinindən 4-ünün həyat səviyyəsi yoxsulluq həddindən aşağıdır.
Ölkənin ən nüfuzlu siyasətçisi olan vitse-prezident Kristina Kirşner ötən həftə korrupsiyada ittiham üzrə 6 il həbs cəzasına məhkum edilib. Məhz bu qalmaqal başlayan vaxt Argentina futbol komandası Qətərdə keçirilən dünya çempionatının finalına çıxıb.
Bu gün ölkədə ən çox müzakirə edilən məsələ Qətərdə keçirilən dünya çempionatında Argentina yığma komandasının qalib gəlməsi ehtimalıdır.
İctimai asayişin dəstəklənməsi üçün hamı futbola ümid bəsləyir. Əgər Argentina çempion olsa, ölkədə bir neçə gün bayram ediləcək. Bunun ardınca Milad və Yeni il bayramları gəlir, yanvarda isə yay məzuniyyətləri mövsümü başlayır. O vaxta qədər təhlükə sovuşacaq. Lakin əgər Argentina uduzarsa, dünya çempionatının “ləzzəti” heç də xoşagələn olmayacaq, finalın şoku isə yanvara sarsıntısız çatmaq üçün kifayət edəcək.
Əgər bu da kifayət olmasa hökumət ilin sonunda sosial vəsait alan milyonlarla Argentina sakini üçün mükafat nəzərdə tutub. 4,4 milyon nəfəri əhatə edən bu sosial plan böhrandan ən çox zərər çəkmiş ailələrin vəziyyətini yüngülləşdirməyə kömək edəcək.
Dünya çempionatının və əlavə pulların əlaqələndirilməsi dekabr ayında sosial sarsıntılara qarşı bir növ “Argentina vaksini” rolu oynayacaq.