“Nikkei”: Yaponiya təhlükə halında kiberməkanda düşmən sistemlərini sındıra biləcək
Yaponiya hökuməti dünyada kiberhücumların sayının və miqyasının artmasını nəzərə alaraq, kibertəhlükəsizlik sahəsində potensialını gücləndirmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, hökumət indi kiberməkanda aktiv tədbirlərdən istifadəni məhdudlaşdıran, yalnız hücumdan sonra fövqəladə hallarda hərəkətlərə icazə verən qanunvericiliyə dəyişiklik etmək niyyətindədir. Düzəlişlərin mütəxəssislərə kiberməkanda təcavüzkarların hərəkətlərini izləmək və Yaponiya üçün risklər yaranacağı halda onların informasiya sistemlərini sındırmaq imkanı verəcəyi gözlənilir. Bu plan ilin sonuna qədər təsdiqlənəcək yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında əksini tapa bilər.
“Yomiuri” qəzeti isə qeyd edir ki, 2025-ci ilə qədər özünümüdafiə qüvvələrinin tərkibində 2 min nəfərdən ibarət kiber bölmənin yaradılması planlaşdırılır. Onlar elektron müharibə sahəsində dezinformasiyanın yayılmasına qarşı tapşırıqları yerinə yetirəcəklər.
Yaponiyanın dekabrın 16-da təsdiqlənməsi planlaşdırılan yenilənmiş Milli Təhlükəsizlik Strategiyası ölkənin rəqibin qarşısını almaq üçün əks-hücum potensialına malik olacağını nəzərdə tutur. Silahlı hücum olarsa, Tokio hücum edən tərəfin hərbi obyektlərinə zərbə endirə biləcək. Bu kimi tədbirlərin həyata keçirilməsi üçün 2027-ci ilə qədər müdafiə xərclərinin, demək olar iki dəfə - NATO modelinə uyğun olaraq ÜDM-nin 2 faizinə qədər artırılması planlaşdırılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin