“Taxıl dəhlizi”ndən Ukraynanın 13,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib
“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 13,2 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 529 gəmi Ukrayna limanlarını tərk edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində dekabrın 7-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 4 gəmisi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 149,3 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa ölkələrinə yola salınıb.
Hazırda Odessa limanlarında 20 gəmi emal mərhələsindədir. Onlar 613,2 min ton Ukrayna kənd təsərrüfatı məhsulunu yükləyirlər.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.