İtaliya sahillərində miqrantları daşıyan daha bir qayıq batıb
İtaliyanın cənubundakı Lampeduza adası sahillərində miqrantları daşıyan daha bir qayıq batıb.
AZƏRTAC xəbər verir ki, altı metr uzunluğundakı qayığın batması nəticəsində ikisi uşaq olmaqla 4 nəfər itkin düşüb. İtaliyanın sahil mühafizəsi xidmətinin əməkdaşları üçü qadın olmaqla 32 nəfəri xilas edib.
Xatırladaq ki, dekabrın 3-də də Lampeduza sahillərində qayığın batması nəticəsində 40 miqrant xilas edilmiş, üç nəfər isə itkin düşmüşdü.
İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, yanvarın 1-dən dekabrın 2-dək dəniz yolu İtaliyaya 94 min 606 qeyri-qanuni miqrant gəlib.
Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsində yerləşən Lampeduza adası son illərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. İtaliya, xüsusilə Yaxın Şərqdən gələn mühacirlərin dəniz yolu ilə Avropaya çatmaq üçün istifadə etdiyi ölkələrdən biridir.