İtaliya sahillərində miqrantları daşıyan qayıq batıb
İtaliyanın Lampeduza adası sahillərində miqrantları daşıyan qayıq batıb.
AZƏRTAC xəbər verir ki, qəza xilasetmə gəmisi miqrantları təxliyə etmək üçün qayığa yaxınlaşarkən baş verib. Miqrantlardan 40-ı xilas edilib, üç nəfərin itkin düşdüyü bildirilir. Xilas olunanlar qaçqın düşərgəsinə çatdırılıb, bir nəfər isə helikopterlə xəstəxanaya aparılıb.
Qeyd edək ki, Aralıq dənizinin İtaliya, Malta və Liviya arasında qalan hissəsində yerləşən Lampeduza adası son illərdə Avropaya qeyri-qanuni miqrasiya yollarından birinə çevrilib. Cari ilin əvvəlindən İtaliyaya dəniz yolu ilə 2 mindən çox immiqrant daxil olub. İtaliya, xüsusilə Yaxın Şərqdən gələn mühacirlərin dəniz yolu ilə Avropaya çatmaq üçün istifadə etdiyi ölkələrdən biridir.