Ermənistanda informasiya məkanında diqqətçəkən dəyişiklik baş verib. Rusiyanın fəaliyyətini müsbət fonda təqdim edən onlarla "YouTube" kanalı platformadan silinib. Bloklanma yalnız siyasi məzmunla məhdudlaşmayıb - tarixi mövzuları işıqlandıran, Qərb fondlarını və müxalifəti tənqid edən resurslar da bu prosesə daxil edilib.
Analitiklər bunu Ermənistanın informasiya siyasətində prioritetlərin dəyişməsi kimi şərh edir. Məqsəd Rusiyanın təsir imkanlarını zəiflətmək və Qərbmeylli xətti gücləndirməkdir.
Rusiyapərəst ekspertlər baş verənləri ifadə azadlığına müdaxilə kimi qiymətləndirir, rəsmi dairələr isə prosesi dezinformasiya ilə mübarizə ilə əsaslandırır. Silinmiş kanalların sahibləri artıq qərardan şikayət etməyə hazırlaşdıqlarını bildirirlər.
Siyasi şərhçilərin fikrincə, bu addım ölkədaxili siyasi balansı daha da həssas edib - Rusiyapərəst və Qərbmeylli qüvvələr arasında qarşıdurma dərinləşir. Xüsusilə diqqət çəkən məqam qərarın parlament seçkilərinə cəmi 40 gün qalmış verilməsidir ki, bu da onun sırf texniki deyil, siyasi kontekst daşıdığını göstərir.
Paralel olaraq, Rusiyaya yaxınlığı ilə tanınan biznesmen Samvel Karapetyan və onun ətrafına təzyiqlərin artması müşahidə olunur. Bu tendensiya, müşahidəçilərə görə, həm daxili güc mərkəzlərinin yenidən formatlanması, həm də xarici siyasi istiqamətin dəqiqləşdirilməsi prosesinin tərkib hissəsidir.
Seçkiyə 40 gün qalmış həyata keçirilən media "təmizliyi" Ermənistanda sadəcə informasiya siyasətinin sərtləşdirilməsi deyil, daha geniş geosiyasi kurs dəyişikliyinin indikatoru kimi qiymətləndirilir.
Siyasi şərhçilərin fikrincə, bu addım hakimiyyətin seçkiöncəsi informasiya mühitini nəzarətə götürməklə yanaşı, eyni zamanda xarici təsir kanallarını, xüsusilə Rusiyaya bağlı resursları zəiflətmək strategiyasının tərkib hissəsidir.
Bu kontekstdə Moskva üçün Ermənistanın əhəmiyyəti dəyişməz qalır. Analitiklər hesab edirlər ki, Kremlin reaksiyası çoxşaxəli olacaq, lakin birbaşa qarşıdurmadan qaçmağa yönələcək. Bir tərəfdən, siyasi ritorikanın sərtləşməsi və rəsmi İrəvana yönəlik tənqidlərin artması ehtimalı yüksəkdir.
Digər tərəfdən, iqtisadi rıçaqlar, enerji tarifləri, ticarət rejimi və miqrasiya siyasəti Moskvanın ənənəvi təsir alətləri kimi gündəmdə qala bilər. Paralel olaraq, informasiya müstəvisində anti-Qərb əhvalının gücləndirilməsi və daxildə ruspərəst aktorların fəallaşdırılması gözlənilir. Bununla belə, siyasi şərhçilərin vurğuladığı kimi, Kreml üçün ən böyük risk Ermənistanı tamamilə itirməkdir. Bu səbəbdən açıq eskalasiya hələlik ehtimal olunan ssenari deyil.
Bu gərginlik fonunda Robert Koçaryan amili xüsusi diqqət çəkir. Onun siyasi səhnəyə qayıdış perspektivi analitik dairələrdə "məhdud, lakin mümkün” kimi qiymətləndirilir. Koçaryanın əsas üstünlüyü təhlükəsizlik və sabitlik üzərindən qurulan siyasi diskursdur ki, bu da xüsusilə müharibəsonrası psixoloji fon üçün cəlbedici ola bilər. Lakin onun keçmiş hakimiyyət dövrü ilə bağlı formalaşmış neqativ imic və korrupsiya ittihamları geniş ictimai dəstək toplamasını çətinləşdirir.
Siyasi şərhçilərin fikrincə, o, hazırda daha çox alternativ güc mərkəzi və ya "krizis meneceri” kimi təqdim olunur. Yalnız seçkiöncəsi gərginlik kəskinləşərsə və hakimiyyətin mövqeləri zəifləyərsə, Koçaryanın real siyasi dönüş şansı arta bilər.
Eyni zamanda, Samvel Karapetyan kimi fiqurlara qarşı təzyiqlərin artması da diqqətəlayiqdir. Bu tendensiya iki istiqamətli mesaj kimi şərh olunur. Daxildə rusiyapərəst iqtisadi şəbəkələrin zəiflədilməsi və paralel olaraq Qərbə siyasi yaxınlaşma siqnalı verilir.
Analitiklər hesab edir ki, bu addımlar Moskva tərəfindən "qırmızı xəttə yaxınlaşma” kimi qəbul oluna bilər və gələcəkdə daha sərt reaksiyalara zəmin yarada bilər.
Azərbaycan baxımından isə proseslərin təsiri çoxqatlıdır. Qısa müddətli perspektivdə risklərin artdığı qeyd olunur. Siyasi şərhçilərin fikrincə, Ermənistan daxilində gərginlik yüksəldikcə, hakimiyyətin diqqəti yayındırmaq üçün sərhəd ritorikasını sərtləşdirməsi istisna deyil. Orta müddətdə isə fərqli mənzərə formalaşa bilər. Ermənistanın Qərbə inteqrasiyası sürətlənərsə, regionda kommunikasiya layihələri və normallaşma təşəbbüsləri üçün yeni imkanlar yarana bilər.
Rusiya faktorunun zəifləməsi də ikili xarakter daşıyır. Bir tərəfdən, bu, region ölkələri üçün daha müstəqil qərarvermə imkanları yarada bilər. Digər tərəfdən isə təhlükəsizlik balansının pozulması və potensial qeyri-sabitlik riskini artırır.
Ümumilikdə, siyasi şərhçilərin qənaətinə görə, Ermənistanda baş verənlər informasiya məkanında texniki müdaxilə deyil, geosiyasi orientasiyanın yenidən formalaşdırılması prosesidir. Moskva bu prosesi passiv izləməyəcək, lakin hazırkı mərhələdə daha çox "yumşaq güc” və daxili təsir mexanizmlərinə üstünlük verəcək.
Robert Koçaryanın qayıdışı isə yalnız siyasi sistem daxilində ciddi çatlar yaranacağı halda real ssenariyə çevrilə bilər. Ən vacib məqam isə odur ki, seçkiyə qədər olan dövrdə bu dinamika daha da kəskinləşəcək və regionda ümumi sabitlik üçün əlavə risklər formalaşdıracaq. Rusiya Ermənistanı poliqona çevirmək niyyətində ola bilər, lakin geosiyasi reallıq Kremlin məğlub olduğunu deməyə əsas verir...
Siyasət şöbəsi