Dəmir yumruq » Manşet » 15 iyunundan başlanan uğur, tərəqqi yolu
Manşet / Siyasət / Bugün, 05:12

15 iyunundan başlanan uğur, tərəqqi yolu

 

 

Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri də çağdaş tariximizə qızıl hərflərlə yazılmış 15 iyun – Milli Qurtuluş Günüdür. Bu günlər Azərbaycanın çoxəsrlik tarixi dövründə müstəsna əhəmiyyətə malik olan, milli dirçəlişimizin və qüdrətimizin rəmzinə çevrilən bu əlamətdar tarixi günü böyük qürur və fəxarət hissi ilə qeyd edirik. Sözsüz ki, bu şərəfli tarixin müəllifi dahi şəxsiyyət, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevdir.


Bəllidir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa müddətdən sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Tarixin yaddaşını vərəqləsək, 1990-cı illərin əvvəllərində Azərbaycanın necə böyük bir fəlakətlə üz-üzə qaldığını aydın görərik. 1993-cü ilin iyununda ölkəmiz daxili xaos, anarxiya, hərbi, siyasi böhran və iqtisadi tənəzzül içində boğulurdu. Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız bütövlükdə işğal təhlükəsi altında idi, daxildə isə qardaş qırğını – vətəndaş müharibəsi alovlanırdı. Dövlət idarəçiliyinin iflic olduğu, Azərbaycanın bir dövlət kimi xəritədən silinmə və parçalanma həddinə çatdığı belə bir məqamda xalqımız öz tarixi inistinkti ilə yeganə xilaskarını – Ümummilli Lider Heydər Əliyevi meydana çağırdı. Təbii ki, bütün bunlar həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan rəhbər şəxslərin əlində olması ilə birbaşa bağlı idi. Hadisələri düzgün qiymətləndirə bilməyən, o vaxtki iqtidar əhali arasında gündən günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi, çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük zəngin sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Digər tərəfdən isə Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri 1 ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı.”


15 iyunda Ulu Öndərin Ali Sovetin sədri seçilməsi ilə ölkədə qanunsuz silahlı qruplaşmalar zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı və Azərbaycanda hüquqi demokratik dövlət quruculuğunun sarsılmaz təməli qoyuldu. Qurtuluşun bəxş etdiyi sabitlik Azərbaycanın qlobal miqyasda siyasi və iqtisadi uğurlarının qapısını açdı. Heydər Əliyevin uzaqgörən xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq təcriddən xilas oldu, 1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ilə ölkəmiz qlobal enerji xəritəsinin mərkəzinə çevrildi, iqtisadi müstəqilliyimizin əsası qoyuldu. Bu siyasi xəttin uğurla davam etdirilməsi yeni nəaliyyətlərə yol açdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri daimi üzvü seçildi, Qoşulmama Hərəkatı kimi nəhəng bir təsisata uğurla sədrlik etdi. Həyata keçirilən Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum və Cənub Qaz Dəhlizi kimi transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin əsas tərəfdaşına çevirdi. Ən böyük siyasi və hərbi uğurumuz isə şübhəsiz ki 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa edən şanlı Şuşa və Xankəndi Zəfərlərimiz oldu.


Bu gün Azərbaycan tamamilə yeni bir tarixi mərhələnin, yeni eradan doğan qlobal hədəflərin astanasındadır. Ölkəmiz artıq təkcə torpaqlarını azad edən dövlət deyil, həm də regional təhlükəsizliyin və innovativ quruculuğun əsas təminatçısıdır. Azərbaycanın yeni dövrdəki əsas hədəfləri rəqəmsal innovasiyalar, ekoloji davamlılıq və iqtisadi şaxələndirmə prinsiplərinə söykənir. Bu çərçivədə azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən yeni layihələr, bərpa quruculuq tədbirləri, ölkəmizin gələcək inkişaf modelinin əsas hərəkətverici qüvvəsidir. İqtisadiyyatın tam rəqəmsallaşması, süni intellekt və qabaqcıl texnologiyaların idarəetməyə inteqrasiyası dövlətimizin qlobal rəqabətə davamlılığını artırır.


Beləliklə 1993-cü ildə qoyulan möhkəm təməl, müasir dövrün texnoloji, rəqəmsal və yaşıl hədəfləri ilə birləşərək Azərbaycanı yeni qlobal zirvələrə daşımaqdadır.


 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.