Azərbaycandan Ermənistana cəmi 1,5 milyon dollarlıq benzinin idxal olunması Ermənistanda bəzi insanlarda təəccüb və etiraz yaradıb.
Belə ki, yerli xalq çağırış edərək iqtisadi əlaqələrin sonlandırılmalı olduğunu bildirib.
Maraqlıdır, Ermənistan daxilindəki bu ideoloji çağırışlar tərəflər arasında real iqtisadi münasibətlərə hansısa formada təsir edə bilərmi?
Deputat Azər Allahverənov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanla sülh müqaviləsi bağlanmayana qədər bu tip hadisələr, xüsusilə də iqtisadi əlaqələrin bərpası ilə bağlı hər hansı bir təşəbbüs, zaman-zaman etirazlara səbəb olacaq. Onun sözlərinə görə, əslində bu, bir növ qəzəbin göstəricisidir ki, Ermənistan cəmiyyəti hələ sülhə hazır deyil:

“Əhalinin müəyyən bir hissəsi sülh tərəfdarı olsa da, digər bir hissəsi buna qarşı çıxır. Belə iqtisadi əlaqələrin qurulması, ümumiyyətlə, sülh prosesinə müsbət təsir göstərə biləcək bir addım kimi də qiymətləndirilə bilər. Etimad quruculuğu baxımından, bəzi hallarda müxtəlif məsələlərdə Ermənistan cəmiyyətində bu tip sülh təşəbbüslərinə qarşı çıxan qüvvələrin aktivliyi müşahidə olunur. Bu isə düşünməyə vadar edir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra çox fəal şəkildə sülh gündəliyini irəli aparır. Dünyanın bir çox iri dövlətləri Azərbaycanın bu təşəbbüsünü təqdir edir və bəzi dövlətlərin siyasi bəyanatlarında, atdıqları imzalarda bunu görmək mümkündür”.
Deputat Ermənistanın 30 ildən artıq bir müddətdə ideoloji və siyasi təsir altında olduğunu əsas gətirərək bu səbəblə erməni cəmiyyətinin xülyalar və illuziyaların təsiri altında utopik vəziyyətə düşdüyünü deyib:
"Bu vəziyyətdən çıxmaq, təbii ki, ölkənin siyasi hakimiyyəti üçün də çətinliklər yaradır. Çünki əgər hakim dairələr hansısa sülh təşəbbüsü ilə çıxış edirsə, dərhal bunun əleyhinə böyük etiraz dalğası başlayır. Bu isə göstərir ki, cəmiyyətdə revanşist əhval-ruhiyyədə olan insanlar, iqtidarla barışmayan müxalifət düşərgəsi, müxtəlif erməni kilsəsi və xarici siyasi mərkəzlərə bağlı qüvvələr kifayət qədər fəaldırlar. Onlar Ermənistanın bu proseslərdə iştirakını əngəlləməyə çalışırlar və əhalinin passiv, iqtidaryönümlü hissəsini belə öz fikirlərinə təsir etməyə çalışırlar. Bu tip anti-Azərbaycan təbliğatı, sonrakı mərhələdə əhalinin iqtidara qarşı etirazına səbəb olur ki, bu da nəticə etibarilə ölkədə xoş qarşılanmır. Həmçinin, Ermənistanla müəyyən siyasi münasibətlərin inkişaf etdirilməsində maraqlı olan dövlətlərin perspektiv planları ilə üst-üstə düşmür. Bəzi dövlətlər Ermənistanın sülh şəraitində yaşamasından və inkişaf etməsindən narahatdır, digər siyasi dairələr isə əksinə, münasibətlərin gərgin olmasına səbəb ola biləcək siyasət yürüdürlər. Konkrekt olaraq, Paşinyan da xarici qüvvələrin hədəfindədir. Onun devrilməsində maraqlı olan qüvvələr, Ermənistan daxilindəki öz dayaqları vasitəsilə bu prosesi sürətləndirməyə çalışırlar. Nəticədə, Paşinyan hakimiyyətini devirməklə öz nümayəndələrini hakimiyyətə gətirməyə çalışırlar”.
Niyaz Hacıyev