Ötən il Azərbaycanda neçə körpə doğulub?
Ötən il Azərbaycanda 122 min 846 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2021-ci illə müqayisədə 11,2-dən 12,2-yə qədər artıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, körpələrdən 3 min 438-i əkiz, 165-i üçəm, 8-i isə dördəm doğulanlardır. Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (15,3), Mil-Muğan (14,7), Şərqi Zəngəzur (14,5), Lənkəran-Astara (14,2), Qarabağ və Quba-Xaçmaz (14,1), Şirvan-Salyan (13,8), Mərkəzi Aran (13,7) və Qazax-Tovuz (13,3) iqtisadi rayonlarında ölkə göstəricisindən yüksək olub.
2022-ci il ərzində ölkədə 60 min 810 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 2021-ci illə müqayisədə 7,7-dən 6-a qədər azalıb. Ölənlərin 1925 nəfəri (3,2 faizi) 17 yaşadək, 6 min 387 nəfəri (10,5 faizi) 18-49 yaşda, 15 min 815 nəfəri (26 faizi) 50-64 yaşda, 36 min 683 nəfəri (60,3 faizi) isə 65 və yuxarı yaşda olub.