“Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatı “ASAN xidmət”in daha böyük platformalara çıxmasına ciddi əsas verir
Dünya Hökumət Sammiti ənənəvi olaraq Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilir. Bu sammit dünyanın 150-dən çox ölkəsinin ekspertləri, beynəlxalq təşkilat rəhbərləri, aidiyyəti qurum rəhbərləri, hökumət və dövlət başçılarının iştirakı ilə keçirilən və 10 min nəfəri əhatə edən dünyanın ən böyük sammitlərindən biridir. Sammit çərçivəsində əsasən dünyada hökumətləri gözləyən gələcək çağırışlar, problemlərin həlli yolları ilə bağlı müzakirələr aparılır. Builki sammitdə Azərbaycan ən yaxşı, ən qabaqcıl dövlət nominasiyası üzrə 80 ölkə arasında birinci yerə çıxdı. Belə ki, Dünya Hökumət Sammiti çərçivəsində “ASAN xidmət” “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görüldü. Xatırladım ki, “ASAN xidmət” bundan əvvəl BMT tərəfindən iki dəfə təltif olunub. “ASAN xidmət” dövlət xidmətlərinin vətəndaşlara əlçatan, şəffaf, bürokratiyadankənar çatdırılmasını təmin edən çox ciddi bir konsepsiyadır.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, dünyanın digər ölkələrində dövlət xidmətlərinin göstərilməsi sahəsində mövcud problemlərin həlli Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “ASAN xidmət” konsepsiyasında öz əksini tapıb. Burada vətəndaşların xidmətə müraciətindən başlamış göstərilən xidmət sonunda onların rəyinin öyrənilməsi, təklif və şikayətlərin idarə edilməsi mexanizminə qədər bütün məsələlər detallı şəkildə müəyyən kriteriyalar üzrə qiymətləndirilir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanın brendi sayılan “ASAN xidmət” sammitdə dövlət xidmətləri sahəsində ən yaxşı, ən qabaqcıl hesab olundu və “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görüldü. Azərbaycan ilk dəfə təsis olunan həmin mükafatın ilk qalibidir. Bu, eyni zamanda, “ASAN xidmət”in beynəlxalq səviyyədə tanınması, qiymətləndirilməsi dəyərləndirilməsi deməkdir. Hazırda 16 ölkə ilə sazişlərimiz var və həmin ölkələrə “ASAN xidmət” təcrübəsi ixrac edilir. Sammitdə verilən mükafat “ASAN xidməti”in daha böyük platformalara çıxmasına, daha çox sayda ölkələrlə əməkdaşlıq etməsinə, tanınmasına ciddi əsas verir.
“ASAN xidmət”in digər əsas fəaliyyət istiqamətlərindən danışan agentliyin sədri bildirib ki, istiqamətlərdən biri dövlət xidmətləri sahəsində innovasiyaları, müasir texnologiyaları tətbiq etmək, dövlət xidmətlərini vətəndaşlar üçün daha da rahat və əlçatan etməkdir: “Bu istiqamətdə təbii ki, araşdırmalar aparır, dünyada ən son tendensiyaları, trendləri izləyir, vətəndaşların təklif və fikirlərini öyrənərək təhlil edirik. Ən böyük hədəfimiz vətəndaş məmnunluğunu təmin etməkdir. Xidmətlərin daha aktiv verilməsi, vətəndaşlara zəruri olan xidmətlərin daha da rahat və əlçatan edilməsi üçün bir sıra layihələr icra olunur. Bundan başqa, əsas hədəflərimizdən biri “ASAN xidmət” şəbəkəsinin genişləndirilməsidir. Həmin məqsədlə bölgələrimizdə yeni “ASAN xidmət” mərkəzlərinin açılışı nəzərdə tutulur. Bu il Salyan və Lənkəran şəhərlərində “ASAN xidmət” mərkəzlərinin açılması gözlənilir. Bundan əlavə, “ASAN xidmət”in Azərbaycan brendi olaraq daha çox ölkəyə ixrac olunması məsələsi də uğurla davam etdirilir. Hansı ölkə ilə əməkdaşlıq ediriksə, bu, həmin ölkələrlə Azərbaycan arasında münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir”.
Azad edilmiş ərazilərdə də “ASAN xidmət” mərkəzlərinin yaradılması məsələsinə toxunan Ü.Mehdiyev deyib: “İşğal dövründə əzəli torpaqlarımızda bütün şəhər, kənd və qəsəbələrimiz erməni vandalları tərəfindən yerlə bir edilib. Yəni, şəhərlərin, yaşayış məntəqələrinin soyqırımı - urbisid həyata keçirilib. Dövlətimiz həmin ərazilərin sıfırdan qurulması ilə məşğuldur. Təbii ki, həmin ərazilərə “Böyük Qayıdış” da olacaq. Əhali azad edilmiş torpaqlara köçəndən sonra həmin ərazilərdə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq və vətəndaşlara xidmət edəcək. İnfrastruktur məsələləri həll ediləndən sonra “ASAN xidmət” mərkəzlərinin hansı rayonlarda fəaliyyətə başlaması ilə bağlı qərar veriləcək. Bunu da qeyd edim ki, bu il Şuşa şəhərində “ASAN xidmət”in tikintisinin başa çatacağı da gözlənilir”.