Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » “Gənclərin peşə hazırlığına dəstək” proqramına qeydiyyat davam edir
Cəmiyyət / 17-02-2023, 06:55

“Gənclərin peşə hazırlığına dəstək” proqramına qeydiyyat davam edir

Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə gənclərin müvafiq peşələr üzrə bilik və bacarıqlara yiyələnməsi və məşğulluq imkanlarının genişləndirilməsi məqsədi daşıyan “Gənclərin peşə hazırlığına dəstək” proqramına qeydiyyat davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Gənclər Fondunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqramda gənclər üçün əmək bazarının tələblərinə uyğun 20 aktual peşə istiqaməti üzrə kurslar təşkil olunacaq. Dövlət Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, dövlət sifarişi əsasında adambaşına maliyyələşmə prinsipi əsasında həyata keçiriləcək kurs müddətində işsiz şəxslərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd veriləcək və peşə hazırlığını müvəffəqiyyətlə bitirən şəxslərin məşğulluğunun təmin olunmasına dəstək göstəriləcək.

Peşə hazırlığı üzrə məşğələlər nəzəri və praktik hissədən ibarət olmaqla peşə fəaliyyətinin ümumi əsasları, innovasiyalar, ixtisas sahələri kimi təlim modulları üzrə həyata keçiriləcək.

“Gənclərin peşə hazırlığına dəstək” proqramına ali və orta ixtisas təhsili müəssisələrində əyani təhsil almayan, işaxtaran və ya işsiz, 29 yaşadək könüllü və ya ictimai fəal gənclər müraciət edə bilərlər. Müraciət edən gənclərin məşğulluq imkanları qiymətləndiriləcək, daha sonra peşə hazırlığına uyğunluğu müəyyən olunmuş şəxslər kurslara cəlb olunacaqlar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.