Deputat: Mehriban Əliyeva Azərbaycan xalqının xeyirxahlıq təcəssümüdür
Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, evlərin dağılması, insanların qışda, qarda, soyuqda çarəsiz qalmasını hər bir azərbaycanlı böyük üzüntü ilə qarşıladı. Zəlzələnin ilk günündən Azərbaycan dövləti, xalqımız qardaş Türkiyənin, orada yaşayan qardaşlarımızın yanında olduğunu, hər cür yardım etməyə hazır olduğunu bəyan etdi. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da Azərbaycan xalqının Türkiyə ilə həmrəyliyi ifadə edildi. Eyni zamanda, dövlət başçısının tapşırıqlarına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Xüsusi Xilasedici qrupları dərhal qardaş Türkiyəyə, zəlzələ bölgəsinə göndərildi. Onlar uçan, dağılan binaların altında xilas olunmaq üçün gözləyən insanların, körpələrin dağıntılar altından çıxarılması üçün bu gün də canla-başla çalışırlar.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Prezident İlham Əliyevin qardaş Türkiyədə zəlzələdən dərhal sonra vermiş olduğu tapşırıqlara uyğun olaraq dövlətimiz tərəfindən xilasetmə işləri ilə yanaşı, humanitar və zəruri ehtiyacların qarşılanması üçün yardımlar göndərilib: “Azərbaycan xalqı kiçikdən-böyüyə hər kəs bu yardımla bağlı səfərbərlik nümayiş etdirir. İmkanından asılı olmayaraq hər kəs bacardığı qədər Türkiyədəki qardaşlarımıza yardım etməyə davam edir. Azərbaycan xalqı bir daha dünyaya birliyimizin təkcə dövlətlər arasında deyil, milli təəssübkeşliyə əsaslandığını nümayiş etdirdi”.
Deputat bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Türkiyədəki zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı paylaşımında da xalqımızın xeyirxah, nəcib keyfiyyətləri xüsusi qeyd olunur: “Qardaş ölkəyə yardım daha geniş miqyasda davam edir. Bütün humanitar missiyalarda olduğu kimi, bu dəfə də Heydər Əliyev Fondu öndədir. Mehriban xanım Əliyevanın göstərişinə uyğun olaraq, Türkiyənin Azərbaycandakı səfirliyinin vətəndaşlarımıza etdiyi çağırışa cavab olaraq Bakı şəhərində yardım kampaniyasına start verildi. Belə ki, Türkiyənin zəlzələ baş vermiş regionları üçün ehtiyac duyulan ləvazimatlar toplanır, çeşidlənir və ən qısa müddətdə komplektləşdirilərək Türkiyəyə yola salınır”.
S.Hüseynovanın sözlərinə görə, növbəti humanitar dəstək fonunda Mehriban xanım Əliyevanın simasında yüksək mənəvi-əxlaqi dəyərlərə, milli təəssübkeşliyə malik, humanizm ideyalarına sadiq Azərbaycan qadınının obrazını görürük: “Təsadüfi deyil ki, bu gün bütün Azərbaycan qadınları, anaları ürək yanğısı ilə zəlzələ qurbanlarına dəstək nümayiş etdirir. Mehriban xanım Əliyeva paylaşımında insanlarımızın Türkiyə xalqının, bütün türk dünyasının yaşadığı bu faciəyə olan münasibətini, dəstəyini yüksək qiymətləndirir. Paylaşımda da qeyd olunub ki, xalqımızın dəstəyi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətləri, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur”.
Sevinc Hüseynova bildirib ki, Mehriban xanım Əliyevanın tək qardaş ölkədə zəlzələdən əziyyət çəkən insanlara göndərilən yardımlarla bağlı deyil, ümumilikdə ehtiyacı olan hər kəsə qarşı xeyirxahlığı xalqımıza bəllidir: “O, Azərbaycan xalqının xeyirxahlıq təcəssümüdür. Ölkəmizdə ona ünvanlanan müraciətlər, özünün həssas məsələlərə göstərmiş olduğu yanaşması milli təəssübkeşliyin, yüksək insan xarakterinin bariz nümunəsi kimi dəyərləndirilir”.