Azərbaycan Karlar Cəmiyyətinin üzvləri üçün təşkil olunan kurs başa çatıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzinin Azərbaycan Karlar Cəmiyyəti İctimai Birliyinin üzvləri üçün təşkil etdiyi “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlığı kursu başa çatıb və müdavimlərə sertifikatlar təqdim olunub.
Məşğulluq Agentliyindən AZƏRTAC-a bildirilib ki, kursun keçirildiyi iki ay müddətində müdavimlərə sahəyə dair nəzəri və praktiki biliklər tədris olunub, ölkə üzrə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib. Peşə hazırlığı kursunu müvəffəqiyyətlə bitirən 11 nəfər “Atek Uniform” və “Kirpi Tekstil” MMC-də iş ilə təmin olunacaq.
Qeyd edək ki, növbəti qruplar üçün də “tikiş avadanlıqlarının operatoru, tikişçi” peşəsi üzrə hazırlıq kursuna qeydiyyat və müsahibələr davam edir.