Qida sahəsində fəaliyyət göstərən 18 müəssisədə nöqsanlar aşkar olunub
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 26-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3861 linki vasitəsilə məlumat almaq mümkündür.