Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər xərc çəkməyəcəklər
Cəmiyyət / 23-01-2023, 21:05

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər xərc çəkməyəcəklər

Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkməyəcəklər.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yanvarın 23-də keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində qeyd edilib.

Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 1981-ci il tarixli 155 nömrəli Konvensiyasının 21-ci maddəsinə əsasən əməyin təhlükəsizliyi və gigiyenası üzrə tədbirlər işçilər üçün hər hansı bir xərci özündə ehtiva etmir.

Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı mümkün xərclərin çəkilməsindən işçilərin qorunması sahəsində sözügedən Konvensiyanın 21-ci maddəsinin bütövlüklə tətbiqi milli qanunvericiliklə tam təmin edilmədiyindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi zərurəti yaranmışdır.

Yuxarıda qeyd olunanların tənzimlənməsi məqsədilə hazırlanmış qanun layihəsi Əmək Məcəlləsinin 220-ci maddəsinə “Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı işçilər heç bir xərc çəkmirlər” məzmunlu yeni 6-cı hissənin əlavə edilməsini nəzərdə tutur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.