Sosial Xidmətlər Agentliyi: Mənzillərin satışı onlayn qaydada aparılacaq, vasitəçiyə heç bir ehtiyac yoxdur
Son günlər bəzi ev alqı-satqısı ilə məşğul olan dəllallar (“maklerlər”) tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin onlayn qaydada satışa çıxardığı mənzillərin alınmasında vasitəçilik təkliflərinə dair elanlarına rast gəlirik.
Bu elanlara münasibətini bildirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Murad Həşimov AZƏRTAC-a deyib: “Sui-istifadə, insanları aldadaraq qazanc əldə etmək məqsədi daşıyan belə vasitəçilik elanlarına, təkliflərinə aldanmayın! Çünki mənzillərin satışı ms.sosial.gov.az portal üzərindən onlayn qaydada aparılacaq, ona görə də burada vasitəçiyə heç bir ehtiyac yoxdur.
Hər kəs də asan və rahat şəkildə həmin portala daxil olub, satışa çıxarılan mənzillərlə ətraflı tanış ola bilər.
Seçdiyi mənzili də gələn həftənin ilk günü, bazar ertəsi saat 10-dan (onlayn satışa həmin vaxt başlanacaq) sonra bron edərək ala bilər”.
Mənzillərin satış prosesi barədə yayımlanmış videotəlimatda bu barədə ətraflı məlumat təqdim olunur: https://www.youtube.com/watch?v=FdY-CV9RwIw
Şöbə müdiri əlavə edib ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış binalarında yerləşən, tam təmirli, indiyədək istifadə olunmamış, çıxarışlı, bankların ipoteka krediti ilə də alınması mümkün olan mənzillərdir.