Şəmkirdə pomidor istehsalı təsərrüfatlarında monitorinqlər aparılıb
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zərərli orqanizmlərin ölkə ərazisində vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq istixanalarda fitosanitar monitorinqlər aparılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Qazax-Tovuz regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən Şəmkir rayonu ərazisində yerləşən pomidor istehsalı təsərrüfatlarında aparılmış monitorinqlər zamanı simptomlu bitki hissələrindən nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində hər hansı uyğunsuzluq halı müəyyən edilməyib.
Monitorinq zamanı təsərrüfat sahiblərinə, o cümlədən təsərrüfatda çalışan işçilərə pomidorun əsas xəstəlik və zərərvericiləri haqqında məlumat verilib, “İstixanalarda zərərli orqanizmlərin idarə olunmasına dair təlimat”da göstərilən tədbirlərin praktikada tətbiqi və pestisidlərlə işləyən zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar müvafiq istiqamət verilib.