20 Yanvar şəhidlərinin ailələrinin və əlilliyi olan şəxslərin sosial müdafiəsi üçün məqsədyönlü işlər aparılır
1990-cı ilin 20 Yanvar faciəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən övladlarının ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi dövlətimiz tərəfindən daim diqqətdə saxlanılır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi, həmin kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 139 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
Onlara yönələn sosial ödənişlərinin davamlı olaraq artırılması təmin edilir. 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində də Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidinin ailəsi üçün 600 manata çatdırılıb ki, bu da son beş ildə həmin təqaüdün məbləğinin 2,5 dəfə artdığını göstərir.
Eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü bu ilin əvvəlindən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq bu il yanvarın 1-dən 100 manat müəyyən olunub.
Beləliklə, son beş ildə Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə həmin dövrdə 3 dəfədən çox artıb.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin pensiyalarının orta aylıq məbləği də son üç ildə 80 faiz artıb. Həmin şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailə üzvlərindən yaşa görə əmək pensiyası təyin olunanların pensiyası üzərinə əlavə də hesablanıb.
Ölkənin qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.