Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Türkiyəli mütəxəssislər Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeniliklər barədə məlumatlandırılıblar
Cəmiyyət / 16-01-2023, 18:20

Türkiyəli mütəxəssislər Azərbaycanda qida təhlükəsizliyi sahəsində yeniliklər barədə məlumatlandırılıblar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Qida və Nəzarət Baş İdarəsinin nümayəndələri arasında onlayn görüş keçirilib.

Görüşdə AQTA əməkdaşları Qida və Nəzarət Baş İdarəsinin nümayəndələrinə bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanunda nəzərdə tutulan, o cümlədən qida məhsullarının qeydiyyatı, markalanması və digər bu kimi məsələlərlə əlaqədar yeniliklər barədə məlumat verib.

Qeyd edilib ki, yeni qanuna əsasən, yanvarın 1-dən etibarən təsdiqi tələb olunan xaricdəki qida obyektlərindən məhsul idxalına yalnız obyekt təsdiq edildikdən sonra icazə verilir. Bəzi ölkələrin təsdiq sisteminin ekvivalentliyinin tanınması avtomatik olaraq, bəzilərinki isə qiymətləndirmə aparılmaqla həyata keçirilir. Yeni qanunla qida məhsullarının, o cümlədən mineral suların üzərində “müalicəvi” sözünün yazılmasına icazə verilmir və bu cür məhsulların idxalı, istehsalı mümkün deyil. Həmçinin markalanmasında Azərbaycan dilində məlumatlar olmayan qida məhsullarının idxalına və dövriyyəsinə qadağa qoyulub. Markalanmasında qida məhsullarına xas olmayan təsir və ya xassələrin göstərilməsinə, habelə oxşar qida məhsullarının hər birinə məxsus xassələrin xüsusi xassələr kimi təqdim edilməsinə icazə verilmir. Eyni zamanda bəzi yüksək riskli qida məhsullarının idxalı üçün həmin məhsulların təhlükəsizliyini təsdiq edən sənədlə müşayiət olunması tələbi qüvvəyə minib. Bütün qida və yem məhsulları məhsul idxal edilməmişdən əvvəl bildiriş göndərildikdən, idxal olunduqdan sonra isə sənəd nəzarəti, eynilik nəzarəti və fiziki nəzarətdən keçdikdən, eləcə də idxal sağlamlıq aktı verildikdən sonra dövriyyəyə buraxılır.

Yeniliklər barədə məlumatlar dinlənildikdən sonra görüşdə mövzu ətrafında müzakirələr aparılıb və təkliflər dinlənilib.

Görüşdə Türkiyədən ölkəmizə qida məhsullarının yeni qanunun tələblərinə uyğun idxalını təmin etmək üçün müvafiq sənədlərin Qida və Nəzarət Baş İdarəsinə təqdim olunması qərara alınıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.