Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə son beş ildə beş dəfədən çox artım baş verib
Cəmiyyət / 14-01-2023, 17:47

Müavinət və təqaüdlər üzrə ödənilən illik vəsaitdə son beş ildə beş dəfədən çox artım baş verib

Prezident İlham Əliyevin siyasətinin ana xəttini əhalinin rifahının təminatı təşkil edir və bunun nəticəsidir ki, ölkəmizdə sosial islahatlar ardıcıl xarakter alıb. Son beş ildə Azərbaycanda artıq dördüncü olmaqla, 1,9 milyon insanın rifahına dəstək məqsədli yeni sosial islahat paketi icra olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir nazirlikdə keçirilən kollegiya iclasında vurğulanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Prezident İlham Əliyevin imzaladığı yeni fərman və sərəncamlarla ölkəmizdə reallaşdırılan növbəti sosial islahatlar Azərbaycan dövlətinin sosial dövlət olduğunu və dünya üçün indiki böhranlı vəziyyətdə də öz vətəndaşlarının rifahına dəstək istiqamətində mühüm addımlar atdığını bir daha təsdiq edir.

Ölkəmizin Zəfərlə başa vurduğu Vətən müharibəsindən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası, qalib Ordumuzun daha da qüdrətlənməsi üçün bütün imkanların səfərbər edildiyi dövrdə də dövlət başçısı tərəfindən sosial sahəyə xüsusi diqqət ayrılaraq, əməkhaqqı və digər sosial ödənişlərin növbəti artımları təmin olundu.

Nazir 2018-2022-ci illərdə 4 milyon insanı əhatə edən 3 islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat, hazırkı yeni sosial islahat paketi üçün də illik olaraq daha 750 milyon manat əlavə vəsait ayrıldığını deyib. Əvvəlki sosial islahatlar kimi, bu yeni sosial islahatların da əhatəliliyi ilə seçildiyini, ən həssas əhali qruplarından olan insanlara yönələn sosial ödənişlərin, o cümlədən 810 min insanın müavinət və təqaüdlərinin növbəti dəfə artırıldığını bildirib.

Qeyd olunub ki, hər bir sosial islahat mərhələsində həmin qrupların sosial müdafiəsi, onlara ünvanlanan müavinət və təqaüdlərin artırılması, həmçinin bu sosial ödəniş növlərinin əhatə dairəsinin genişləndirilməsi, yeni sosial ödəniş növlərinin təsis olunması ön planda olur. 2018-ci illə müqayisə etdikdə də sosial müavinət və təqaüdlər üçün ayrılan illik vəsait o zaman 300 milyon manat idisə, artıq həmin məbləğ 1,5 milyard manatı ötür ki, bu da həmin istiqamətə ayrılan vəsaitlərdə 5 dəfədən çox artım deməkdir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il üzrə xərcləri də əvvəlki ilə nisbətən 410 milyon manat artaraq 5 milyard 252 milyon manat təşkil edib. Eləcə də pensiya üzrə ödənişlərə ötən il 2021-ci ilə nisbətən 361 milyon manat çox olmaqla 4 milyard 948 milyon manat yönəldilib.

Aktiv məşğulluq proqramları vasitəsilə sosial rifaha dəstək tədbirləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 40 min nəfər işlə təmin edilib, 16,1 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Cari ildə də özünüməşğulluq proqramının, eləcə də peşə hazırlığı və peşəyönümü tədbirlərinin daha da genişləndirilməsi əsas hədəflər sırasındadır.

İclasda sosial müdafiə və aktiv məşğulluq, ödənişli ictimai işlər proqramlarının icrası, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti və s. sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.